Obamanın haqqında danışdığı Azərbaycan gözəli od püskürdü

ABŞ prezidenti Barak Obamanın prezidentiyə namizəd Donald Tramp barədə verdiyi ironik açıqlamanın səs-küyü səngiməyib.

Bu açıqlamada Azərbaycanın payına düşən məqam isə, heç şübhəsiz ki, Trampın “Miss Azərbaycan”la görüşməsi barədə ironik sözləri, daha doğrusu, atmacasıdır:

“Deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi yoxdur. İnsafən demək lazımdır ki, o illər ərzində bütün dünya boyunca liderlərlə görüşüb: Məsələn “Miss İsveç”, “Miss Argentina”, “Miss Azərbaycan”…”.

Live.Az xəbər verir ki, “Yeni Müsavat”-ın araşdırmasına əsasən, Obamanın haqqında danışdığı “Miss Azərbaycan” 2012-ci ildə Moskvada təşkil olunan “Kainat gözəli” yarışmasında ölkəmizi təmsil edən Aysel Manafova olub.

Bunu isə “Miss Azərbaycan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı Anelya Orduxanova təsdiqləyib.

“Yeni Müsavat”a açıqlamasında A.Orduxanova bildirib ki, 2013-cü ildə Trampla görüşən azərbaycanlı gözəl Aysel Manafova olub.

Onun sözlərinə görə, Tramp gözələrlə təşkilatçıların təşkil etdiyi partidə bir araya gəlib:

“Obamanın istehzası yersizdir. Tramp Miss USA-nın təşkilatçısı idi. O təşkilatçı kimi iştirakçılarla görüşür. Belə axşamlarda o, müsabiqənin iştirakçıları ilə söhbət edir. Burda pis məna ola bilməz. Ola bilər ki, onun daim gözəllərin arasında olmasına istehza edib. Amma o görüşdə pis məqsəd olmayıb”.

İnformasiya yayılan gün əməkdaşımız A.Manafova ilə əlaqə saxlaya bilməmişdi. Ölkədə olmayan yarışma iştirakçısı bu gün bizim suallarımıza virtual şəkildə qısa cavablar verib.

Cavabı təqdim edirik:

“Yalan informasiya yayan bütün saytlar cəzalandırılacaq. Heç kim icazəsiz kiminsə haqqında hansısa bir məlumatı dəqiqləşdirməmiş yaza bilməz. Bu, düzgün deyil. Bizim heç bir görüşümüz olmayıb.

Və yenə də dediyim odur ki, hər hansı məlumatı xəbərsiz, icazəsiz paylaşmaq və yayımlamaq düzgün deyil. Bu məsələ insanın haqqını pozmaq deməkdir.

Sadəcə bir təsadüfdü və yazılanların hamısı yalandır. 3 il öncə də hansısa bir müsabiqədə iştirakım şəbəkədəki məlumatlarla uyğun gəlmir”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53