Beynəlxalq Bankın öhdəlikləri 50,5% azalıb


"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 469,893 min manat mənfəət əldə edib.
 
LİVE.az APA-ya istinadən xəbər verir ki, bu barədə bankın açıqladığı balans hesabatında bildirilir. ABB sonuncu dəfə ötən ilin ilk yarısında hesabat açıqlayıb.
 
Oktyabrın 1-nə bankın aktivlərinin həcmi 7 mlrd. 106,530 mln. manat təşkil edib ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 49,93% azdır.
 
Bankın kredit portfeli 56,83% azalaraq 2 mlrd. 217,421 mln. manata enib.
 
Hazırda dövlət bankında likvid aktivlərin həcmi 1 mlrd. 604,712 mln. manat, banklardakı depozitlərinin həcmi 3 mlrd. 50,949 mln. manat təşkil edir.

ABB-nin öhdəlikləri 50,53% azalaraq 6 mlrd. 739,125 mln. manata çatıb. Öhdəliklərin strukturuna gəlincə, burada banklar və digər maliyyə institutlarının vəsaitləri 2 mlrd. 348,052 mln. manat, fiziki şəxslərin tələbli depozitləri 437,408 mln. manat, hüquqi şəxslərin tələbli depozitləri 2 mlrd. 537,421 mln. manat, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 1 mlrd. 4,817 mln. manat təşkil edir.
 
"Bank haqqında qısaca" bölməsində yer alan məlumata əsasən, 2017-ci ilin iyulun 1-nə bankın aktivləri 10 mlrd. 616,294 mln. manat, likvid aktivlərin qalığı 1 mlrd. 455,542 mln. manat təşkil edib. Bölmədə qeyd edilib ki, cari ilin ilk yarısının sonuna bankın kredit portfeli 3 mlrd. 711,035 mln. manat olub. Üçüncü rübün əvvəlinə maliyyə institutlarındakı depozitlərin həcmi 3 mlrd. 49,850 mln. manat idi. ABB-də yerləşdirilən əmanətlərin həcmi 5 mlrd. 178,014 mln. manat olub.
 
Son göstəricilərə əsasən, dövlət bankının nizamnamə kapitalı 1 mlrd. 224,478 mln. manatdır.
 
Bundan öncə ABB bəyan edib ki, xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.
 
18 iyul 2017-ci il tarixində ABB-nin kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93,9%-ə malik kreditorlar planın lehinə səs verib. "Banklar haqqında" qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində planın təsdiqlənməsinə dair qərar çıxarıb.
 
ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov prosesin nəticəsini belə şərh edib: "Restrukturizasiya prosesi gözlədiyimiz kimi uğurla başa çatıb. Bu prosesin həyata keçirilməsi bankın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından həlledici addım idi. Hazırda bankın problemli aktivlərinin müəyyən hissəsinin "Aqrarkredit" bank olmayan kredit təşkilatına ötürülməsi istiqamətində yekun tədbirlər həyata keçirilir. Hər iki addım bankın kapitallaşmasını, mənfəətliyini və maliyyə bazarında dayanıqlığını təmin edəcək. Bütün bunlar bankın özəlləşməyə açıq elan edilməsi ilə bağlı müvafiq tədbirlərin  həyata keçirilməsinə də imkan verəcək.  Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 11 may 2017-ci il tarixindən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi rayon məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaq".
 
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Maliyyə Nazirliyi bankın səhmlərinin 76,7%-nə, "Aqrarkredit" isə 14,6%-nə sahibdir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri