Bankir oğlu: “Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq”

Bankir oğlu: “Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq” “Ona 2 ev, 30-40 min dollar cibxərcliyi, klip üçün 50 min, ofis üçün 60 min manat, “Audi Q7” üçün 40 min dollar, “Range Rover”in kreditindən 20 min dollar, bağının təmiri üçün 50 min dollar, axırda da 100 min manat pul vermişəm....”

“Texnikabank”ın Bakı Filialının sabiq rəhbəri Zal Yusifovun və daha 14 nəfərin cinayət işi üzrə istintaq materiallarına əsaslanan yazıları davam etdirir.

Qeyd edək ki, Zal Yusifov oğlu İslamla (“Spartak” ləqəbi ilə tanınır) müğənni Xatirənin (Əzizova) münasibətlərindən danışmışdı. Zal Yusifov qeyd etmişdi ki, oğlu müğənniyə küllü miqdarda pul xərcələyib. Xatirə İslam da ibtidai istintaqa ifadə verib. Həmin ifadəni oxucaların diqqətinə çatdırırıq.

Xatirə istintaqa nələr deyib?

Xatirə İslam istintaqa ifadəsində bildirib ki, təxminən 2006-cı ilin yayında İslam Yusifov ağlaya-ağlaya onun yanına gəlib, o da niyə ağladığını soruşub. “İslam dedi ki, məndə ağ qan qırmızı qan yeyir. Mən də ağlaya-ağlaya ona qoşuldum ki, bəs niyə belə olub. İslamda bu xəstəliyin onda qorxudan yarandığını bildirib. Sonra İslam mənə dedi ki, Şamil adlı qohumu ona hədə-qorxu gələrək, ondan küllü miqdarda pul tələb edir. İslam qeyd etdi ki, Şamilin istədiyi pulu vermək üçün borca faizə pul götürməlidir, lakin sonradan həmin pulu necə qaytaracağını bilmir. Mən isə İslama dedim ki, bu barədə atası Zal Yusifova danışsın. İslam isə atasından qorxduğunu bildirdi və bu barədə ona danışmayacağını söylədi. İslam atasından çox qorxurdu. Mənə bu məsələni heç kimə danışmamağı tapşırdı”.

Bankir müğənniyə niyə təşəkkür edib?

Xatirə İslamın ifadəsinə görə, İslam Yusifova yazığı gəlib və onun problemini həll etmək məqəsdilə Zal Yusifovun iş yerinə yollanıb: “Orada İslamı gördüm, bərk qorxuya düşdüm. Mən Zal Yusifovun iş otağına keçərək, oğlu İslamla bağlı bir məsələni ona danışacağımı bildirdim. Zal Yusifov İslamı da otağa çağıraraq, bildiyim hər şeyi onun yanında danışmağı xahiş etdi. İslam otağa gələndən sonra Şamilin ondan hədə-qorxu yolu ilə pul tələb etməsi məsələsini danışdım. Zal Yusifov diqqətlə qulaq asdıqdan sonra mənə xəbər verdiyim üçün təşəkkürünü bildirdi. Zal Yusifov bu məsələ barəsində (Şamil Nəsibov tutulub, hazırda məhkəməsi keçirilir) ciddi maraqlanacağını bildirdi”.
Xatirə İslam istintaqa deyib ki, Zal Yusifovun İslamla bağlı bu məsələni necə yola qoyması barədə ona heç nə bildirməyib. Müğənninin ifadəsinə görə, onun bu məsələni Zal Yusifova danışması İslamın xoşuna gəlməyib. Bundan sonra onların bütün əlaqələri kəsilib.

“Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs İslam Yusifov istintaq ifadəsində qeyd edib ki, müğənni Xatirəni 16 yaşından tanıyır. Dediyinə görə, yolda tanış olublar və aralarında münasibət yaranıb: “Biz Xatirə ilə birlikdə təxminən 4 il qeyri-qanuni yaşamışıq. Yaxın münasibətdə olduğum müddətdə Xatirəyə maddi tərəfdən çox köməklik etmişəm. Ona bir neçə daşınmaz əmlak, ev və maşın almışam”.

“Xatirə İslama 2 ev almışam, 100 min manat ödəmişəm”

İslam Yusifov daha sonra ifadəsində göstərib ki, Xatirənin aldığı iki evin pulunun bir hissəsini ödəyib. İfadəsinə görə, həmin evlərdən birini Xətai metrostansiyasının arxasında yerləşən “Ləpələr” MTK şirkətinin tikdiyi yeni binada, digərini isə Göy məscidin arxasında yerləşən yeni tikilmiş binadan alıb: “Xətai metrostansiyasının arxasında yerləşən binadakı mənzil 3 otaqdan ibarətdir və bildiyimə görə, anasının adınadır. Həmin evin alınması üçün 30 min dolları şirkətə ödəmişəm, 20 min isə Xatirənin özünə vermişəm. Yəni həmin evin alınması üçün 50 min dollar pul ödəmişəm”.
İslamın sözlərinə görə, Xatirənin Göy məscidin arxasında aldığı ev isə 2 otaqlı olub və həmin evə də 50 min dollar ödəyib: “Evlərin alınması üçün Xatirəyə verdiyim həmin 100 min dolları dost-tanışlarımdan borc almışam. Heç vaxt atamdan böyük məbləğdə pul istəməmişəm. Borc verənlərə atamın harada işləməsini və yaxşı imkanı olduğunu, həmin pulları qaytaracağımı bildirmişəm. Sonradan atama 100 min dollar borcum olduğunu bildirdim. Atam da həmin borcu ödədi. Atamın Xatirə ilə olan münasibətimdən xəbəri vardı və bu məsələyə görə məni bir neçə dəfə danlayaraq, döyüb”.

Müğənniyə 30-40 min dollar cibxərcliyi...

O, ifadəsində qeyd edib ki, Xatirənin aldığı daşınmaz əmlakın pulunun bir hissəsini də ödəyib. Dediyinə görə, “Azərcell”in binasının qarşısında yerləşən binanın zirzəmisində olan 60-70 kvadratmetrlik sahə də Xatirənin ofisi üçün nəzərdə tutulub. Həmin ərazinin alınması üçün 60 min manat verib və pulun yerdə qalan hissəsini isə müğənninin özü ödəyib: “Xatirə ilə görüşdüyüm müddət ərzində onun xərcləməsi üçün 30-40 min dollar vermişəm. Həmin pulları xərcləmək üçün atamdan alırdım və Xatirəyə verirdim. Hesab edirəm ki, Xatirə daşınmaz əmlakların qalan pullarının da ona xərcləmək üçün verdiyim pulla ödəyirdi”.

50 min dollar da Xatirənin kliplərinin çəkilməsinə....

O, ifadəsinə əlavə olaraq qeyd edib ki, Xatirəyə kliplərinin çəkilməsi üçün təxminən 50 min dollar verib. Onun sözlərinə görə, müğənninin əvvəllər idarə etdiyi “Audi Q7” markalı avtomaşının kreditinin 40 min dollar, hazırda idarə etdiyi “Range Rover”in kreditindən 20 min dollar, Novxanı qəsəbəsində yerləşən bağının təmiri üçün 50 min dollar dəyərində pul ödəyib.

“Xatirə məndən 100 min manat tələb etdi”

İslam Yusifov bildirib ki, 2008-ci ilin iyun ayında ailə həyatı qurmağa hazırlaşdığı üçün Xatirə ilə münasibətlərinə son vermək qərarı verib: “Lakin Xatirə məni şantaj edərək münasibətlərimizin qurtarması üçün 100 min ABŞ dolları istədi. Əks təqdirdə, ailəmə və nişanlıma zəng vuraraq aramızda olan hər şeyi danışacağını bildirdi. Buna görə də Xatirə mənə 2-3 gün vaxt verdi və məndən xarici pasportumu tələb etdi. Mən də onu sakitləşdirmək məqsədilə xarici pasportumu ona verdim. Bir qədər sonra isə 100 min dolları Xatirəyə ödəmək qərarına gəldim. Həmin vaxt ərzində Xatirə nişanlımın evinə bir neçə dəfə zəng vurmuşdu və həmin telefon zənglərinə nişanlımın anası Mehparə xanım cavab verirdi. Xatirə qayınanama mənimlə görüşdüyünü, məndən iki aylıq hamilə olduğunu, qızını mənə verməməyi, ailəmin pis insanlar olduğunu bildirib. Qayınanam isə Xatirənin səsini mobil telefonuna yazıb. Həmin vaxt nişanlım evdə olmadığı üçün söhbətdən xəbər tutmayıb. Həmin telefon söhbətindən iki həftə sonra bizim toyumuz olmalıydı. Qayınanam və valideynlərim arasında söhbət zamanı belə gəldilər ki, toya iki həftə qalmış bu söhbəti böyütməsinlər. Mən də ailəmdən və qayınanamgildən üzr istəyərək, Xatirənin şantaj edərək, məndən 100 min manat istədiyini bildirdim və bir daha Xatirə ilə görüşməyəcəyimə söz verdim. Bundan sonra atam Xatirə ilə danışdı və bir daha məni şantaj edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdi”.

Cinayət işi üzrə bir çox məşhur şəxslərin adı hallanır. Həmin şəxslərlə bağlı epizodlar növbəti yazılarda...

P.S. Cinayət işinin materiallarından məlum olur ki, İslam Yusifov Xatirəyə “Xalq artisti” adı verilməsi üçün Milli Məclisin deputatlarından birindən xahiş edib. Həmin deputat da istintaqa verdiyi ifadəsində qeyd edib ki, “Xalq artisti” adının verilməsi onun səlahiyyətləri çərçivəsində həll edilmir və adı ölkə prezidenti verir.




“Bizim yol”, Lent.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri