Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Əhməd Ələsgərov vəfat edib

Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Əhməd Ələsgərov dünyasını dəyişib.

APA-nın xəbərinə görə, mütəxəssis 79 yaşında uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb.

Əhməd Lətif oğlu Ələsgərov 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. O, 1955-65-ci illər aralığında futbolçu kimi "Neftyanik"in (indiki "Neftçi") şərəfini qoruyub. Bakı klubunun heyətində 100-dən artıq oyun keçirən Ələsgərov 30 yaşında karyerasını bitirib.

Karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərməyə başlayan mütəxəssisin ilk iş yeri məhz futbolçu kimi şərəfini qoruduğu "Neftçi" olub. Mütəxəssisin baş məşqçi kimi ilk işi uğurlu alınıb.

Belə ki, Ələsgərov "Neftçi"yə SSRİ çempionatında ilk və hələ ki, yeganə medalını qazandırıb. Həmin ili bakılılara bürünc medal qazandıran mütəxəssis daha 4 il klubun "sükanı arxasında" olub. Ələsgərov daha sonra Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989) və "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb. Mütəxəssis "Neftçi"dən sonra "Çernomorets"lə də SSRİ çempionatının bürünc medallarını qazanıb (1974).

Müstəqillik illərində Azərbaycan millisini iki dəfə çalışdıran (1992-93 və 1998-2000-ci illərdə) Ələsgərov 1999-cu ildə AÇ-2000-nin seçmə mərhələsində evdə Portuqaliya ilə tarixi heç-heçə (1:1) zamanı da millinin "sükanı arxasında" olub. Ələsgərov həmçinin millinin ilk baş məşqçisi kimi də tarixə düşüb.

Mütəxəssisin Azərbaycandakı son iş yeri "Bakı" olub. 2005/06 mövsümündə klubda müşavir və vitse-prezident vəzifəsində çalışan Ələsgərov bundan sonra daimi yaşadığı Ukraynanın Odessa şəhərinə geri dönmüşdü.

Əhməd Ələsgərov müxtəlif illərdə Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi adına layiq görülüb.

Mərhum mütəxəssis Ukraynanın Odessa şəhərində dəfn ediləcək (komanda.az).

Allah rəhmət eləsin!
Şərhlər
İdman bölməsinin xəbərləri