Azərbaycan paytaxtında üç körpüyə bomba qoyulması barədə məlumatla bağlı daha bir rəsmi açıqlama yayılıb
- 31.05.2013, 16:18,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri Bakıda bir neçə körpüyə bomba qoyulması ilə bağlı məlumatlara aydınlıq gətirib.
APA-nın xəbərində görə, birgə məlumatda bildirilir ki, mayın 31-də saat 04:34-də İsmayıllı rayon sakini, 1948-ci il təvəllüdlü Ənvər Adıgözəlov istifadəsində olan mobil telefonundan Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti”nə zəng edərək paytaxtın Nizami rayonundakı “Bağırov körpüsü”nə, Xətai rayonundakı “Xətai körpüsü”nə və Zabrat qəsəbəsinə gedən yoldakı “Sabunçu körpüsü”nə partlayıcı qurğuların yerləşdirilməsini və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürdüyünü bildirib.
Həmin məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri təxirəsalınmaz tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarının əməkdaşları ilə dərhal həmin ünvanlara cəlb edilməklə əraziyə baxış keçirilib və müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Nəticədə qeyd olunan ərazilərdə şübhəli əşya aşkar edilməyib.
Ənvər Adıgözəlov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə. Adıgözəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.