Hacıbala Abutalıbov: Bakıda poliuretan üzlüklərlə üzlənmiş bina qalmayacaq

Hacıbala Abutalıbov: Bakıda poliuretan üzlüklərlə üzlənmiş bina qalmayacaq Fövqəladə Hallar Nazirliyinin ekspertizası Binəqədi rayonunda yanan bina ilə bağlı rəyini açıqlayıb.

Trend-in məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün vətəndaşlarla görüşündə deyib ki, FHN-in rəyində binanın dayanıqlığı barədə qeyd olunub.

H.Abutalıbov bildirib ki, artıq bu gündən binanın təmirinə başlanır və təmir işləri 24 saat ərzində aparılacaq.

Onun sözlərinə görə, dəyən ziyana görə müəyyən edilən məbləğ sabahdan sakinlərin hesabına köçürüləcək.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Bakıda poliuretan üzlüklərlə üzlənmiş 64 bina 10 gün ərzində söküləcək: "Yaxın 2-3 aydan sonra Bakıda poliuretan üzlüklərlə üzlənmiş bina qalmayacaq. Hazırda paytaxtda bu üzlüklərlə üzlənmiş 140 bina var. Bunlardan 64-ü çoxmərtəbəli binadır".

H.Abutalıbov vurğulayıb ki, bu üzlüklərin yanmasına səbəb həmin maddələrin hər kvadratmetrinə dəyəri 6 manat olan kimyəvi məhlulun vurulmamasıdır.

O, yanğın baş vermiş binada kirayədə yaşayanlara kompensasiya verilməyəcəyini deyib: “Kirayədə yaşayanlar dəymiş ziyanla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərlər”.
Şərhlər
Sosial bölməsinin xəbərləri