Azərbaycanda azyaşlılara və yeniyetmələrə qarşı seksual zorakılıqla bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda on altı yaşına qədər olan şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər, seksual hərəkətlərə məcbur etmə, o cümlədən əxlaqsız hərəkətlər etmə ilə bağlı şərtlər dəyişdirilir, cəzalar xeyli ağırlaşdırılır.

On dörd yaşına çatmayan şəxslərə qarşı eyni əməllərlə bağlı isə ayrıca cəzalar müəyyənləşdirilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 151, 152 və 153-cü maddələrinə əlavə və dəyişikliklər təklif edilir.

Maddə 151-ə təklif edilən dəyişikliyə əsasən, əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə, yaxud zərərçəkmişin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa, yaxud seksual xarakterli digər hərəkətlərə məcbur etmə, 1 ildən 2 ilədək islah işləri və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Hazırda qüvvədə olan sanksiya isə belədir: 500 manatdan 1000 manatadək cərimə cə ya 2 ilədək islah işləri, yaxud 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152-ci maddəyə təklif edilən dəyişikliyə əsasən, “yetkinlik” sözü “on altı yaşına” sözü ilə əvəz edilir və hazırda qüvvədə olan “yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə 3 ilədək azadlıqdan məhrum etmə” cəzası on altı yaşına qədər olanlara şamil ediləcək.
Bundan başqa, maddəyə əlavə edilən 152.2 bəndinə görə, “eyni əməllər on dörd yaşına çatmayan şəxslə törədildikdə 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.

Maddəyə əlavə edilən digər 152.3-cü bəndə görə isə “yuxarıda göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçi tərəfindən törədildikdə, 3 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.


153-cü (Əxlaqsız hərəkətlər) maddə isə tamamilə dəyişdirilərək genişləndirilir, yeni şərtlər və yeni sanksiyalarla verilir. Maddənin təklif olunan yeni variantı belədir:

153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə, 1 ildən 2 ilədək islah işləri və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
153.3. Yuxarıda göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi, yaxud digər işçisi tərəfindən törədildikdə, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Hazırkı qüvvədə olan variant isə belədir: Maddə 153 (Əxlaqsız hərəkətlər) - Təqsirkar üçün aşkar surətdə ön dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, 500 manatdan 1000 manata qədər cərimə və ya 2 il müddətə islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəlləyə eyni zamanda bununla bağlı əlavə edilən “Qeyd”də deyilir ki, bu Məcəllənin 152 və 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.
Layihələr parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən mayın 20-də plenar iclasa tövsiyə olunub və Milli Məclisin mayın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri