İsveçrədə 2018-ci və 2022-ci illər dünya çempionatlarının Rusiya və Qatara verilməsi ilə bağlı təhqiqat başlayıb
- 27.05.2015, 18:42,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsveçrə polisi 2018-ci və 2022-ci illər dünya çempionatlarının Rusiya və Qatara verilməsi ilə bağlı təhqiqata başladığını elan edib. APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, hazırda bu turnirlərin ev sahiblərinin müəyyənləşdirildiyi səsvermədə iştirak etmiş 10 nəfər dindirilir.
İsveçrə polisi təhqiqatın başlandığını bu gün səhər Sürixdə FİFA nümayəndələrinin həbsindən sonra açıqlayıb. Xatırladaq ki, ABŞ-da aparılan istintaq çərçivəsində 9 FİFA nümayəndəsi, o cümlədən qurumun vitse-prezidenti Ceffri Uebb saxlanılıb. Cinayət işi barədə ABŞ-ın baş prokuroru Loretta Linç, Federal Təhqiqatlar Bürosunun (FBİ) rəhbəri Ceyms Komi və ABŞ Vergi Xidmətinin kriminal şöbəsinin rəhbəri Riçard Ueber tərəfindən Bruklində (Nyu-York) keçiriləcək mətbuat konfransında rəsmi açıqlama veriləcək. ABŞ xüsusi xidmət orqanlarının onillər boyunca FİFA-dakı rüşvətxorluq və korrupsiya ilə bağlı təhqiqat apardıqları və FİFA-nın amerikalı üzvü Çarlz Bleyzerin istintaqla əməkdaşlığa razı olmasından sonra konkret sübutlar əldə etdikləri və hərəkətə keçdikləri bildirilir. Saxlanılanların istintaq hərəkətlərinin aparılması üçün ABŞ-a ekstradisiya olunacaqları gözlənilir. Bu şəxslərə qarşı 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının ev sahibliyi hüququnun rüşvət müqabilində Rusiya və Qatara verilməsi ilə bağlı ittiham irəli sürüləcəyi xəbər verilir. Cinayət işində rüşvətin məbləği kimi azı 100 milyon dollar rəqəmi keçir. Həbs olunan şəxslər aşağıdakılardır: Vitse-prezident Ceffri Uebb, sabiq vitse-prezident Cek Uorner, Euhenio Figeredo, Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskevel, Xose Mariya Marin və Nikolas Leos. Bundan başqa, FİFA-da idman marketinqi ilə məşğul olan Alexandro Burzako, Aaron Devidson və Mariano Cinkis, eləcə də qanunsuz sövdələşmələrdə vasitəçi olduğu bildirilən Xose Marqulisə qarşı da ittiham irəli sürülüb. İttiham olunanların arasında hələlik FİFA prezidenti Yozef Blatterin adlı yoxdur, lakin “The New York Times” onun barəsində də istintaq aparıldığını yazıb.
Rusiyanın idman naziri Vitali Mutko isə FİFA nümayəndələrinin həbsinin 2018-ci il dünya çempionatı ilə əlaqəsinin olmadığını vurğulayıb. FİFA-nın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Valter De Qreqorio da dünya çempionatlarının yerinin dəyişdirilməyəcəyini söyləyib. Lakin bukmeker şirkətləri artıq 2022-ci il dünya çempionatının hansı ölkəyə veriləcəyi ilə əlaqədar “stavka”ları qəbul etməyə başlayıb. Potensial namizədlər arasında ABŞ, Avstraliya, Almaniya, Cənubi Koreya, İngiltərə və Yaponiyanın adları çəkilir.
Maraqlıdır ki, FİFA özü də Rusiya və Qatara ev sahibliyi hüququnun verilməsi məsələsi haqda daxili təhqiqat aparıb. Lakin təhqiqatı aparan Maykl Qarsianın hesabatı tam dərc edilməyib. Buna etiraz əlaməti olaraq M. Qarsia FİFA Etika Komitəsindən istefa verib.