“Maraqlanmalıdılar ki, Röya hardan alıb bu cəsarəti?”- Flora

“Röya “vor zakon”luğu İlhamə Quliyevadan öyrəndi”.


"Qafqazinfo" xəbər verir ki, bunu AzNews.az saytına açıqlamasında xalq artisti Flora Kərimova müğənni Röyanın qalmaqallı video məsələsindən danışarkən deyib. Sənətkarın sözlərinə görə, Röyanın etdiyi biabırçılığı Azərbaycan sənət dünyasında və səhnəsində İlhamə başlayıb: “Bizim dövrümüzdə heç bir müğənni bu hərəkəti etməzdi. Röya özünü açıq-saçıq göstərəndə biləydi ki, nəticəsi bu olacaq, kimsə onu söyəcək də, təhqir də edəcək. Gərək, bu məsələlərə dözümlü yanaşardı, daha durub, “vor zakon”luq etməzdi. Röya çox pis hərəkət etdi. O, oğlanın üstünə “bazburt”lu kişilərlə getdi. “Bazburt”lu kişi bilmir ki, polis var və o, Röyanın xuliqanlığına reaksiya verə bilər. Polis isə gəlib oturub Röyanın yanında. Əgər o, polisdirsə, özü ondan soruşmalıdır ki, bu nədir? Sən polis, yaxud da o adamlar hansı başla gəlib onun yanında oturub? Bilmirdilər ki, Röya bunu axırda çəkəcək və onları pis vəziyyətdə qoyacaq? Gərək, Röyanı çağırıb soruşsunlar ki, yanındakılar kimdir? Əgər onları pulla tutub gətiriblərsə, yaxud polissənsə sənin nə ixtiyarın var, “zopa” rolunda olursan? Aidiyyəti qurumlar mütləq maraqlanmalıdır ki, Röya hardan alıb bu cəsarəti?”

F.Kərimova əlavə edib ki, Röyanın etdiyi bu hərəkət təkcə onu söyən cavan oğlana qarşı deyil, bütün kişilərə qarşı edilmiş təhqiramiz hərəkətdir: “Röya az qala demək istədi ki, mən istənilən kişini belə əzərəm. Görünür ki, həmin oğlan onlardan qorxub. Axı sən onu niyə sındırırsan, ay müğənni? Ən pisi odur ki, Röya bu “vor zakon”luğu polisin əli ilə edib. Bu, Azərbaycan polisinə olan inamı göydən yerə vurdu. Bu, bizim təhlükəsizliyimizi təmin edən bir qurumun necə bərbad vəziyyətini göstərir az qala. Pozmayın bu ölkənin qanunlarını! İnsanlarda inam hissi itib. Getmisən, özü də ölkədə vəziyyətin bu qarışıq anında, bina yanıb, millətin həssas məqamında sən bir kişi sındırırsan. Axı sən bunu niyə edirsən? Desinlər ki, ölkədə dərəbəylikdi? Naziri də qulaq asmır, müğənnisi də qudurub. Bu işləri idarə edənlərdən, bu məsələlərə cavabdeh şəxslərdən soruşuram: siz hara baxırsız? Niyə bu ölkəni bu günə salıb, milləti beləcə alçaldırsınız? Sizə nə lazımdır? Nəyiniz çatmır?”

Xalq artisti deyir ki, Röya çox böyük səhvlər etsə də, onun həbsini arzulamır: “Röya qadındı, anadır, balası var. Ancaq bir az başını işlətsin. Qoymayın bu milləti alçaltsınlar. Ümid mətbuata qalıb. “Zopa”lıq edənlər hər birimizi ayrı-ayrılıqda alçaldır. İxtiyarım var, deyəm ki, sən mənim millətimin ləyaqətini niyə tapdaladırsan? Gəlin kömək edək, bu ölkəni “vor zakon”ların əlindən xilas edək. Hamımızı tapdalayırlar. Kişilərimiz olur oğraş, biqeyrət, övladlarımız olur fahişə… Dubay qızı azdır? Məndən başqa danışan yoxdur. Ona görə, bu sözümü yadınızda saxlayın: İlhamə Quliyevanı susdurmayana kimi Röya kimilər göbələk kimi çırtlayacaq”.

Xatırladaq ki, müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Müğənninin “İnstagram” səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.

Üstəlik, qurduğu bu “məhkəməni” gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri