I Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı yollarında dəmir-beton çəpərlər çəkilir

Bakıda Birinci Avropa Oyunları zamanı velosiped turunun keçiriləcəyi marşrut boyu yollarda yarışların təhlükəsizlyini təmin etmək məqsədilə indidən ayrıcı beton çəpərlərin qoyulmasına başlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, artıq belə çəpərlər Hüseyn Cavid prospektinin Azərbaycan Texniki Universitetinin qarşısından Parlament prospekti ilə kəsişməsinədək olan hissəsində, eyni zamanda İnşaatçılar prospektində düzülüb.

Onların velosipedçilərin hərəkət edəcək marşrut boyu digər yollarda da qoyulması gözlənilir: “İyunun 20-21-də Bakı şəhərində ilk Avropa Oyunlarının velosiped yarışları keçiriləcək. Yollarda ayırıcı beton çəpərlərin düzülməsi də bununla əlaqədardır. İşlərə ona görə indidən başlanılıb ki, ilk Avropa Oyunları başlayanadək hər şey tam hazır olsun. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən və avtomobil sahiblərindən yollarda hərəkətdə olarkən diqqətli olmalarını xahiş edir. Həmçinin, fərdi avtomobillərdən maksimum dərəcədə az istifadə edilməsini, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edir”.

Qeyd edək ki, ilk Avropa Oyunları zamanı qrup velosiped ötüşməsi yarışları iyunun 20-21-də keçiriləcək. Bu yarışlar "Tour d’Azerbaïdjan-2015"in mayın 10-da keçirilmiş sonuncu, 5-ci mərhələsində olduğu kimi Bakı şəhərinin içində olacaq. Yarışların “start” və “finiş” nöqtəsi Azadlıq meydanında, Hökumət Evinin qarşısında olacaq. Qadınlar üçün şəhər içində keçiriləcək qrup ötüşməsi yarışları iyunun 20-də, kişilər üçün isə iyunun 21-də baş tutacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri