SOCAR 2015 il üzrə hasilatla bağlı proqnozlarını açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci il üçün nəzərdə tutulan neft və qaz hasilatı proqnozlarını açıqlayıb.

APA-nin məlumatına görə, bu gün Bakıda keçirilən “Caspian Oil&Gas 2015” konfransında çıxış edən SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib ki, bu il Azərbaycanda 40,7 mln. ton neft və 30,2 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır.

Vitse-prezidentin sözlərinə görə, SOCAR-a məxsus yataqlardan 8,3 mln. ton neft və 6,5 mlrd. kubmetr qaz hasil edilməsi planlaşdırılıb: “SOCAR-ın hasil etdiyi neftin 6,5 milyon tonu emal ediləcək, 1,7 milyon tonu isə xarici ölkələrə satılacaq”.

R. Qurbanov bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə 30,3 mln. ton neft və 13,8 mlrd. kubmetr qaz, “Şahdəniz” yatağından isə 2,1 mln. ton kondensat və 9,8 mlrd. kubmetr qaz hasil olunacaq.

O, əlavə edib ki, bu il SOCAR Gürcüstana 1,2 mlrd. kubmetr qaz ixrac edəcək.

“Azərenerji” ASC-yə isə 4,85 mlrd. kubmetr qaz verilməsi gözlənilir.

R. Qurbanov qeyd edib ki, “Şahdəniz” yatağından hasil edilən qazın 2,6 mlrd. kubmetri Azərbaycana, 6,3 mlrd. kubmetri Türkiyəyə, 0,74 mlrd. kubmetri isə Gürcüstana veriləcək: “AÇG-dən hasil edilən qazın 3,1 mlrd. kubmetri Azərbaycana veriləcək, 9,2 mlrd. kubmetri isə lay təzyiqinin saxlanması üçün laya vurulacaq”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri