Polislə etirazçılar arasında toqquşmalar artıq Türkiyənin bir neçə şəhərini bürüyüb
- 01.06.2013, 07:33,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Etiraz aksiyaları artıq İstanbul, paytaxt Ankara, İzmir və başqa şəhərləri də bürüyüb
İstanbulun mərkəzində polislə etirazçılar arasında toqquşmalar davam edir. APA-nın yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, yaralananların sayı artıq 100 nəfəri keçib. Polis su şırnağı və gözyaşardıcı qaz vasitəsilə aksiya iştirakçılarını Taksim meydanından çıxarmağa çalışır. Etirazçılar isə İstanbulun İstiqlal küçəsində barrikadalar düzəldərək polisi daş-qalaq edir.
Qeyd edək ki, etiraz aksiyaları İstanbul, paytaxt Ankara, İzmir və başqa şəhərləri də bürüyüb. Ankarada sakinlər İstanbuldakı etirazçılara dəstək bildirmək məqsədilə küçələrə çıxıblar. Ankaranın mərkəzi yolları bağlanıb, şəhərin “yaşıl” rəmzi sayılan Kuqulu parkı yaxınlığında polis su şırnağı və gözyaşardıcı qaz vasitəsilə aksiyanı dağıtmağa çalışır. Etirazçılar, cavab olaraq, polisi daş-qalaq edir.
İzmirdə həmçinin Taksim fəallarına dəstək aksiyası keçirilir. Bəsmanə meydanında polislə etirazçılar arasında toqquşmalar baş verir. 700-dək etirazçı ticarət və iaşə obyektlərinin şüşələrini qıraraq və avtomobillərə xəsarət yetirərək Kıprıs Şəhidləri küçəsi istiqamətində hərəkət edir və polislərin yaratdığı “canlı səddi” qırmağa çalışır.
Qeyd edək ki, İstanbulda iğtişaşlar ötən gün səhər saatlarından başlayıb. Toqquşmalara səbəb polisin hökumətin Taksim meydanındakı Gezi parkının ərazisində ticarət və əyləncə kompleksləri ucaltmaq planlarına qarşı yönəlmiş etiraz aksiyasını dağıtmaq cəhdi olub.
ABŞ İstanbuldakı vəziyyətlə bağlı narahatçılığını bildirib.
Amnesty International hüquq-müdafiə təşkilatı polisin aksiya iştirakçılarının dağıdılması zamanı hədsiz güc tətbiq etməsini tənqid edib.
Daxili işlər naziri bu cür faktların araşdırılacağını vəd edib.