Prezident İlham Əliyev Dənizkənarı Milli Parkdakı “Sadko” limanında Avropa Oyunlarının məşəlini qəbul etdi

Prezident İlham Əliyev Dənizkənarı Milli Parkdakı “Sadko” limanında Avropa Oyunlarının məşəlini qəbul etdi Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”in başlamasına sayılı günlər qalır. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.

Trend-in məlumatına görə, Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəldilər.

Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan aldı.

Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul etdi.

Dənizkənarı Milli Parka toplaşanlar məşəllə irəliləyən dövlətimizin başçısını “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışladılar.

Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim etdi.

Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başladı.
Şərhlər
İdman bölməsinin xəbərləri