Bakı-2015: I Avropa Oyunlarında iştirak edəcək 10 ölkənin idmançıları Bakıya gəlib

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Serbiya, Bolqarıstan, Yunanıstan, Belçika, Almaniya, Lixtenşteyn, İslandiya, İsveç, Xorvatiya və Sloveniya idmançıları Azərbaycana gəlib.

APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.

“Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.
Şərhlər
İdman bölməsinin xəbərləri