Azərbaycan FHN: Binalarda poliuretan üzlüklər təhlükəsiz materiallarla əvəzlənir
- 09.06.2015, 08:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur
Azərbaycan prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur.
Nazirliyin “İzotop” xüsusi kombinatının Radioloji laboratoriyası tərəfindən aparılmış radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkarlanmayıb. Müəyyən edilib ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər. Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir.