ABŞ Dövlət Departamenti: İstanbuldakı dinc etirazları dəstəkləyirik
- 01.06.2013, 12:52,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ və Avropa Birliyi Türkiyənin İstanbul şəhərində parkın dağıdılmasına qarşı dinc etiraz aksiyaları keçirən insanların polis vəhşiliyinə məruz qalmasını tənqid edib. APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki polisin etirazçıları dağıtması nəticəsində yaralananların olduğu haqda məlumatlardan narahatlıq keçirdiklərini açıqlayıb: “Türkiyənin uzunmüddətli sabitliyini, təhlükəsizliyini və rifahını təminat altına almağın yolu söz, toplaşma və təşkilatlanma azadlıqlarının təmin olunmasından keçir. Belə görünür ki, etirazçılar da bu hüquqlarından istifadə ediblər”.
J. Psaki “Amnesty İnternational” təşkilatının hadisələrlə bağlı raportları ilə tanış olduqlarını və öz kanalları ilə də vəziyyətlə əlaqədar informasiya topladıqlarını söyləyib: “Biz əlbəttə ki, bu olayda olduğu kimi, dinc etirazları dəstəkləyirik, önümüzdəki günlərdə bu bərədə bəlkə daha çox söz deyə bilərik”.
Bölgədəki ABŞ vətəndaşlarının təhlükəsizliyinə dair narahatlıq olub-olmadığı haqda sualı cavablandıran J. Psaki hələlik belə bir təhlükənin olmadığını vurğulayıb.
Avropa Birliyi Komissiyası isə İstanbuldakı olaylarla bağlı bir gündə iki açıqlama ilə çıxış edib. Daha sərt ifadələrə yer verilən ikinci bəyanatda Türkiyə təhlükəsizlik qüvvələrinin qeyri-adekvat və ifrat güc tətbiqi pislənib: “Avropa Birliyi olaraq söz azadlığı və sərbəst toplaşmaq azadlığı da daxil olmaqla, təməl insan hüquqlarının əhəmiyyətini xatırlatmaq istəyirik. Hər hansı məhdudiyyət Avropa İnsan Haqları Konvensiyasında və Avropa İnsan Haqları Məhkəməsinin praktikasında müəyyən olunan sərhədlər çərçivəsində olmalıdır”.
Türkiyə-Avropa Birliyi birgə parlamentlərarası komissiyasının həmsədri, Avropa Parlamentinin liberallar qrupunun üzvü Endryü Daff (Andrew Duff) isə “Türkiyənin Avropada yeri varmı?” deyə ritorik sualla müraciət edib.