Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri daxil olmaqla rəsmi nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, Avropa Oyunları iyunun 28-dək davam edəcək. Avropanın 6 mindən çox idmançısı 17 yarış günündə ölkələrini təmsil edəcək.
X X X
Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi başa çatıb.
X X X
Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının ilk parlaq səhifəsini yazır.
Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzülürlər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi “Yallı” oynayırlar. Şişirdilmiş 20 min “nar dənəsi” tamaşaçıların üzərinə dağılır. Bu nar dənələri sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.
*****
68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda “Bakı-2015” - I Avropa Oyunlarının rəsmi açılış mərasiminə start verilib.
APA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 9.00-da mərasim muğam ustası Alim Qasımovun ifasında muğamla başlayıb.
50 nağaranın ritmik sədaları altında 24-dən 0-a qədər geriyə sayım başlayıb.
Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərir.
Səhnə 1000-dək rəqqasənin Azərbaycanın məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəkləri ilə örtülür.
Sonra tamaşaçılar Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar.
Azərbaycanın Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb. Daha sonra təxminən 5500 km məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi - paralimpiyaçı İlham Zəkiyev stadiona gətirib.
Səhnəyə İlkin Aslanovun canlandırdığı dahi Nizami çıxıb, onun əlindəki tərəzinin hər gözündə bir gəlincik fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. Leyli obrazını Patrisiya Zarnoviçian, Məcnun obrazını Markez Skot canlandırıblar.