Karateçimiz Ayxan Mamayev Azərbaycan yığmasına 5-ci qızıl medalı qazandırıb

Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.

APA-nın verdiyi xəbərə görə, karatenin kumite növündə mübarizə aparan A. Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmsilçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.

A. Mamayev finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb. Karateçimiz həlledici görüşdə yunanıstanlı Mixail Geordios Tzanosu məğlub edərək, qızıl medala sahib çıxıb. Düzdür, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Lakin döyüşün 4 yan xətt hakimindən üçünün həmyerlimizi güclü sayması, yığmamıza 10-cu medalı qazandırıb.
Şərhlər