Tayyib Ərdoğan: “Taksimdəki Atatürk Kültür Mərkəzi də dağıdılacaq”
- 01.06.2013, 16:05,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulun Gəzinti Parkının dağıdılmasına qarşı İstanbulda və digər böyük şəhərlərdə keçirilən etiraz aksiyalarına münasibət bildirib. APA-nın xəbərinə görə, Türkiyə İxracatçılar Məclisinin qurultayında çıxış edən R. T. Ərdoğan bildirib ki, hökumətə etirazı olanlar bunu hüquqi yolla və seçki yolu ilə ifadə etməlidir: “Seçkidən kənar nəticə əldə etmək istəyənlər demokratiyaya zidd davranır. Bu ölkədə hər kəs öz mövqeyini ifadə edə bilər. Lakin heç kimin hüquqa zidd aksiyalar keçirməyə, yoldan keçənlərə zərər yetirməyə və ölkədə gərginlik yaratmağa haqqı yoxdur”.
Baş nazirin fikrincə, etirazların kökündə 5-10 ağacın sökülməsi məsələsi dayanmır və bu, müxalifətin və bəzi qeyri-leqal qrupların oyunudur: “Hər kəs bu oyunu görməlidir. Mövzu Gəzinti Parkı deyil, ideoloji məsələdir. Taksim meydanında həyata keçirdiyimiz layihə davam edəcək. Polis orada dünən də vardı, bu gün də var, sabah da olacaq”.
R. T. Ərdoğan polisin qazdan ifrat şəkildə istifadə etməsi faktının araşdırılacağını, lakin lazımi anda qazdan istifadə edilməsinin normal olduğunu söyləyib. O, Türkiyə hökumətini tənqid edən ölkələrə məsləhət görüb ki, əvvəlcə dönüb özlərinə baxsınlar.
Baş nazir Taksimdəki yeni layihə həyata keçirilərkən orada olan Atatürk Kültür Mərkəzinin (AKM) də dağıdılacağını bəyan edib: “AKM də söküləcək, onun yerində qürur duyacağımız bir opera binası inşa etməliyik. Ora önəmli bir mərkəz olmalıdır və gələn turistlər qürurla izləməlidir. Biz Taksimdə nəqliyyatın hərəkətini dayandırıb meydanı tamamilə xalqın, piyadaların öhdəsinə buraxmaq istəyirik ki, hər kəs orada rahat gəzə bilsin”.
R. T. Ərdoğan İstanbulda mitinq keçirməyə hazırlaşan ölkənin əsas müxalifət qüvvəsi – Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, kiminsə dinc mitinq keçirməsi problem deyil, lakin insanlar nəyəsə təhrik edilərsə bunu qarşısı alınacaq: “Onlar 20 minlik mitinq keçirirsə, biz də 200 minlik mitinq keçirərik. Onlar 100 min adam toplasa, biz çox asanlıqla 1 milyon insan toplayarıq. Bizi buna məcbur etməsinlər”.