Yunanıstan “DEPA” qaz şirkətini dövlət mülkiyyətində, “DESFA” qazpaylayıcı şirkətini isə dövlət nəzarətində saxlamaq niyyətindədir



Yunanıstanın energetika naziri: "DEPA şirkəti dövlət mülkiyyətində və dövlət nəzarətində qalmalıdır və qalacaq"

Yunanıstan hökuməti “DEPA” qaz şirkətini dövlət mülkiyyətində, ölkənin qazpaylayıcı sisteminin operatoru olan “DESFA” şirkətini isə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu qərar verdikdən sonra dövlət nəzarətində saxlamağa səy göstərmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın energetika naziri Panayotis Lafazanis qeyd olunan müəssisələrin əməkdaşları ilə görüşü zamanı bildirib.

“RİA Novosti” qeyd edir ki, şirkəti almaq istəyən əsas namizədlərdən biri olan Rusiyanın “Qazprom” konserni müsabiqənin yekun mərhələsində öhdəliklərlə bağlı təkliflərini təqdim etmədiyinə görə “DEPA”-nın satışı üzrə 2013-cü ildə elan olunmuş müsabiqə baş tutmayıb. Bununla yanaşı “DESFA” şirkətinin özəlləşdirilməsi üzrə müsabiqə keçirilib. DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketi SOCAR tərəfindən 400 mln. avroya alınıb, lakin Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu indiyədək sövdələşməni yekunlaşdırmaq üçün lazım olan icazəni verməyib.

“Müəssisə işçilərinin nümayəndələri DEPA və DESFA şirkətlərinin hər-hansı şəkildə özəlləşdirilməsinin əleyhinə olduqlarını bildirərək bu şirkətlərin satışının iqtisadiyyata, istehlakçılara və məşğulluğa ciddi mənfi fəsadlarla nəticələnəcəyini vurğulayıblar. Onlar həmçinin sabiq hökumətin təbii qazın paylaşdırılması bazarının liberallaşdırılması siyasəti ilə qəti surətdə razı olmadıqlarını, bunun istehlakçılar üçün kəskin bahalaşma ilə nəticələnəcəyindən narahat olduqlarını bildiriblər”, deyə Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Lafazanis qeyd edib ki, DEPA şirkəti dövlət mülkiyyətində və dövlət nəzarətində qalmalıdır və qalacaq. “DESFA” şirkətinə gəlincə isə, Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu qərar verdikdən sonra müəssisənin nəzarət paketinin dövlət nəzarətində qalması istiqamətində səylər göstəriləcək”, deyə nazirliyin press-relizində qeyd olunub.

Nazirlik rəhbərliyi müəssisələrin əməkdaşlarına işçilərin haqlarını qoruyacağını vəd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri