Azərbaycan taekvondoçuları növbəti qızıl medalı qazanıb
- 19.06.2015, 23:02,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Radik İsayev taekvondo yığmamıza 5-ci mükafatını qazandırıb
Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdiriblər.
Azərbaycan millisi son gündə hər 2 çəki dərəcəsində təmsil olunub və Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qızıl medal taekvondo yığmamızın 5-ci mükafatı olub. Dünya çempionumuza kimi, Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) 1-ci, Fəridə Əzizova (67 kq) 2-ci, Patimat Abakarova (49 kq) 3-cü yeri tutmuşdu.
Kişilər
+80 kq
İlkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev ikinci görüşündə sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.
İsayev qızıl medal uğrunda rusiyalı Vladislav Larinlə qüvvəsini sınayıb. Görüş təmsilçimizin üstünlüyü şəraitində keçib və taekvonduçumuz çıxışını qələbə ilə yekunlaşdırıb. Larini 4:3 hesabı ilə məğlub edən Radik titulları sırasına Avropa Oyunlarının qalibi adını da əlavə edib.
Bu yığmamızın 13-cü “qızıl”ı, ümumilikdə isə komandamızın 30-cu mükafatı olub.
Qadınlar
+67 kq
Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşıb. İlkin mərhələyə təsadüf edən döyüşdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkən təmsilçimiz 2 dəfə hesabda öndə olsa da, yekunda məğlubiyyətə üzülüb – 4:10. Koniyeva isə yarımfinalda uduzduğundan Tedeyeva təsəlliverici görüşlərə qatılmaq şansını itirib.