Bakı-2015: Azərbaycan 14-cü qızıl medalı qazanıb

“Bakı-2015” I Avropa Oyunlarının idman gimnastikası yarışlarında kişilərin paralel qollarda mübarizəsinə yekun vurulub.

APA-nın məlumatına görə, bunadək fərdi çoxnövçülük və gimnastika atında gümüş, komanda yarışları və dayaqla tullanmada bürünc medal qazanan Azərbaycan idmançısı Oleq Stepko növbəti mükafatını əldə edib.

21 yaşlı gimnastımız “Bakı-2015”-də son çıxışını titulla başa vurub. Belə ki, paralel qollarda 15,733 xal yığan Stepko bütün rəqiblərini qabaqlayaraq, çempion adına layiq görülüb. Bu, yığmamızın 14-ü qızıl olmaqla, 33-cü medalıdır. Təmsilçimiz bu hərəkətdə ən yaxın izləyiciləri rusiyalı David Belyavski (15,700) və rumıniyalı Marius Berbeçar (15,600) qabaqlayıb.

Qeyd edək ki, idman gimnastikası yarışları kişilərin turnikdəki çıxışları ilə yekunlaşacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri