Aydın Mirzəzadə: Azərbaycana demokratiya dərsi keçənlərin özlərinin fəaliyyətində insan hüquqlarının pozulması halları Azərbaycanda ciddi etirazla qarşılanır

Azərbaycana demokratiya dərsi keçənlərin özlərinin iş fəaliyyətində insan hüquqlarının pozulması hallarına rast gəlinməsi Azərbaycanda ciddi etirazla qarşılanır. Bunu Trend-ə Milli Məclisin üzvü Aydın Mirzəzadə son günlər Türkiyə və Almaniyada dinc nümayişçilərə qarşı zor tətbiq edilməsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, artıq demokratik dəyərlərə sahib olmuş ölkələrdə vaxtaşırı kütləvi aksiya iştirakçılarına qarşı zorakılığın tətbiqi Azərbaycanda çox böyük təccüb doğurur:"İnsanlara qarşı zorakılığın törədilməsi, onların zorakılıqla aksiya yerindən dağıdılması və hər şeyin ciddi polis nəzarəti altına götürülməsi Avropanın aparıcı dövlətlərindən olan Almaniyada özünü xüsusilə göstərir. Almaniyanın vaxtaşırı dünya ictimaiyyətinə, ayrı-ayrı yeni müstəqil ölkələrə demokratiya ilə bağlı çağırışlar etməsinə baxmayaraq, insanların sadə hüquqlarının pozulması nədənsə çox sakit qarşılanır və dövlət bunlara haqq qazandırmağa çalışır".


A.Mirzəzadə bildirib ki, qonşu Türkiyənin İstanbul şəhərinin Taksim meydanında ticarət mərkəzinin tikilməsi ilə əlaqədar böyük bir kütlənin etirazının amansızlıqla yatırılması insan hüquqlarının pozulması kimi qiymətlənidirlir. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla döst, qardaş ölkədir və Azərbaycan ictimaiyyəti orada olan hər bir hadisəni özünə yaxın qəbul edir.


Millət vəkili qeyd edib ki, Azərbaycan ictimaiyyəti Türkiyədə aksiyaya çıxan insanlarla "polis dili"ndən savayı başqa dildə danışmaq üşulunun axtarılmamasına görə təəssüflənir.


Bu məsələnin hazırda beynəlxalq ictimaiyyətin ciddi müzakirə mövzusu olduğunu xatırladan A.Mirzəzadə bildirib ki, bu baxımdan Azərbaycana demokratiya dərsi keçənlərin özlərinin iş həyatında insan hüquqlarının pozulması haqlarına vaxtaşırı rast gəlinməsi Azərbaycandan ciddi etirazla qarşılanır: "Hesab edirik ki, standartlar bütün ölkələrə, bütün hallara qarşı eyni olmalıdır. Azərbaycanda qınadıqları bir hadisənin öz ölkələrində daha ağır formada tətbiq edilməsinin özü yolverilməzdir. Çox istərdik ki, konkret olaraq Türkiyədə belə hallar olmasın və zorakılıq halları aradan qalxsın".
Şərhlər
Siyasət bölməsinin xəbərləri