Zeynəb Xanlarova Rəqsanəni biabır etdi

Müğənni Rəqsanə İsmayılova ötən həftə televiziya kanalının efirində bildirib ki, o, sentyabr ayında Heydər Əliyev Sarayında Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bir səhnədə konsert proqramı ilə çıxış edəcək.

Xalq artisti Zeynəb Xanlarova Rəqsanənin bu fikrinə münasibət bildirib ki, bu məlumat mətbuatda yer alan vaxt o, Türkiyədə olub.

Millət vəkili bu xəbəri ciddi qarşılamadığını desə də, sosial şəbəkədə gedən yazıların diqqət çəkməsindən sonra əsəbiləşdiyini bildirib:

“Əvvəla, bütün yaradıcılığı boyu heç kimlə, hətta dünyanın ən ünlü sənətkarları ilə belə səhnəsini paylaşmayan Zeynəb Xanlarova niyə indi kiminləsə onun öz ansamblı ilə çıxış etməlidir? İkincisi, öz reklamını tanınmışların adı ilə qurub tamaşaçıya yalan söyləmək nə qədər etikdir? Bu yağışdan sonra göbələk kimi artan şou müğənniləri hansı kimyəvi gübrələrlə yetişdirilirlər ki, belə məsuliyyətsizcəsinə tamaşaçını, xalqı aldadırlar, rahat bir şəkildə onlara yalan danışırlar? Bununla da xalqın hissləri ilə oynadıqlarını, onları təhqir etdiklərini anlamırlarmı? Bu, nə geri zəkalıqdır?Axı onlar bu xalqın çörəyini yeyir, bu xalqın içində yaşayır. Xalqı neçə aldatmaq, necə ona yalan danışmaq olar. Mən bunu anlaya bilmirəm?”.

Z.Xanlarova vurğulayıb ki, bu xəbərdən onu sevən tamaşaçılar da narahat olublar:

“Tamaşaçılar çox tələbkardır, onlar tükü-tükdən seçir. Tamaşaçı əslində nəyin yalan, nəyin doğru olduğunu həmən hiss edir. Evimə, yaxınlarıma tamaşaçılar tərəfindən edilən çox saylı telefon zənglərindən sonra mən bu məsələdən xəbər tutdum. İnsanlar çox həyəcanlı idilər. Bu məsələnin doğru olmadığına inandıqlarını söyləyir, mənimlə görüşmək istədiklərini bildirirdilər. Mən onların hisslərini yaxşı anlayıram. Tamaşaçı sənətkarını hansı zirvəyə qaldırırsa, onu həmişə orda görmək istəyir”.

Xalq artisti həmişə tamaşaçısını sevdiyini deyib:

“Məni sevən Azərbaycan xalqının qızıyam və hər bir addımımda onu sevdiyimi sərgiləmişəm. Ötən il Amerika Birləşmiş Ştatlarında bir ay boyunca konsertlərim oldu. Siz zaldakı insanların neçə coşqu ilə “Azərbaycan” deyə səsləndiklərini görsəydiniz… Bu səhnələr mənim yaddaşıma köçür, məni daha məsuliyyətli edir”.

Ünlü sənətkar şou-biznes əhlinə müraciət edərək, zirvəyə öz sənətilə çatdığını qeyd edib:

“Onlar da müxtəlif fəndgirliklə özlərini gündəmdə saxlamaq, ünlü olmaq istəyirlərsə, bu, onların öz işidir. Amma tamaşaçını aldatmağı, onların duyğuları ilə oynamağı nə tamaşaçılar onlara, nə də adı ilə reklam qurduqları sənətkarlara bağışlayar”.

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova xalq artisti Zeynəb Xanlarova ilə birgə konsert verəcəyi haqda məlumatı telekanalların birində yayımlanan “Gündəlik” verilişində bildirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri