"Atletiko" artıq "Land of Fire Azerbaijan" formasını geyinməyəcək

"Atletiko" (Madrid) klubunun baş sponsoru dəyişib.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın növbəti iki mövsüm üçün forma sponsoru "Plus500" şirkəti olacaq.

Dieqo Simeonenin komandası 2015/2016 mövsümündən oyunlara üzərində "Plus500" yazılı formalarla çıxacaq. Yeni formaların ictimaiyyət üçün rəsmi təqdimat mərasimi bu gün keçiriləcək. Klubun saytı isə artıq "Plus500" şirkətinin adı olan formanın şəkilini paylaşıb.

Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, "Baghlan Group"un və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün "Atletiko" ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.
Şərhlər
İdman bölməsinin xəbərləri