Rusiyanın Soçi şəhərində güclü yağış yağdığına görə fövqəladə vəziyyət elan edilib. ANS-in məlumatına görə, yağış dünən gecədən başlayıb. Şəhərə düşən yağıntının miqdarı artıq 100 mm-i keçib. Bu da aylıq normaya bərabərdir.
Şəhərin bəzi yerlərində kanalizasiya sistemi yağışın təzyiqinə tab gətirmədiyi üçün həmin əraziləri su basıb. Lakin problem tək bununla bitmir. Mütəxəssislər şəhər əhalisinə yaxın saatlarda qasırğa xəbərdarlığı da edib. Dənizdə suyun səviyyəsinin qalxması nəticəsində dəniz suyunun ətrafdakı quru əraziləri basmaq ehtimalı da var.
Bununla əlaqədar şəhər administrasiyası əhaliyə və istirahətə gələn qonaqlara mümkün qədər az bayıra çıxmağı və sahil ərazilərdə olmamağı məsləhət görüb. Bildirilir ki, vəziyyətin normallaşması üçün 40 texnika və 200-dən çox insan cəlb edilib. Şəhərin infrastrukturu tam bərpa olunana qədər təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması işləri davam etdiriləcək. Soçiyə dəyən zərəri isə xüsusi komissiya müəyyən edəcək.
Sinoptiklər isə Soçidə yağışın bu günün sonunadək yağacağını bildiriblər. Yağıntıların sabah səhərədək davam edəcəyi də ehtimal edilir. Ona görə fırtına xəbərdarlığı iyunun 26-a qədər davam edəcək.