ABŞ-ın Fransaya qarşı etdiyi iqtisadi casusluq barədə yeni materiallar dərc olunub

“Liberation” nəşri və “Mediapart” internet portalı “WikiLeaks” ilə birgə ötən gün fransalı siyasətçilərin və iş adamlarının ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən izlənilməsi barədə yeni məlumatları dərc ediblər.

“WikiLeaks, Liberation və Mediapart MTA-nın Fransanın kommersiya maraqlarına qəsd etməsini ifşa edib”, deyə nəşrin internet səhifədində “İqtisadi casusluq: ABŞ-ın çirkin oyunu” sərlövhəli materialda qeyd olunub.

Materialda WikiLeaks-ə istinadən bildirilir ki, ABŞ xüsusi xidmət orqanları Fransa şirkətləri, İqtisadiyyat Nazirliyinin rəhbərliyi və Parisin beynəlxalq təşkilatlarla iri sövdələşmələri və təmaslarına qarşı irimiqyaslı casusluq edib.

Kəşfiyyatın fəaliyyəti Fransanın ticarət münasibətləri, Parisin beynəlxalq maliyyə qurumları ilə əlaqələri, G-8, G-20 və Fransa şirkətlərinin xaricdəki dəyəri 200 mln dollardan çox olan iri kontraktları ilə bağlı maraq doğuran bütün məlumatların toplanmasına yönəlib.

“MTA-nın hədəfi əksər strateji sahələr olub: informasiya texnologiyaları, elektrik enerjisi, neft-qaz, atom energetikası, nəqliyyat, biotexnologiyalar və sair”, deyə məqalədə dərc olunub. Müəlliflər qeyd edir ki, ABŞ kəşfiyyatının maraq dairəsi yüzədək Fransa şirkətini əhatə edib və toplanan məlumatlar ABŞ hakimiyyətinə təqdim edilib.

“İndiyədək Fransaya qarşı edilən irimiqyaslı iqtisadi casusluğu təsdiqləyən dəlillər bu cür açıq-aşkar şəkildə təqdim olunmayıb”, deyə Liberation qeyd edir.

Nəşr qeyd edir ki, MTA öz fəaliyyətində sənaye casusluğu və məxfi texnologiyaların oğurlanması həddinədək irəliləyib. ABŞ kəşfiyyatını maraqlandıran əsas məsələ Amerika şirkətlərinin iştirak etdiyi tenderlər olub. Bu cür məlumatların əldə olunması hesabına Amerika tərəfi böyük rəqabət üstünlüyünə nail ola bilib. Məlumata görə, əldə olunmuş məlumatları ABŞ qismən Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Avstraliya kimi müttəfiqləri ilə də bölüşüb.

“Terrorla mübarizə bəhanəsi ilə MTA Fransanın tamamilə məğlub olduğu iqtisadi müharibədə ABŞ-ın bir döyüş bölməsinə çevrilib”, deyə materialda vurğulanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri