Avropa Oyunlarına görə yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün uzadılıb
- 01.07.2015, 12:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Oyunlarına görə yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, avtomobillər yol nişanlarına və nişanlanma xətlərinə uyğun olaraq “Oyunlar zolağı”ndan istifadə edə biləcəklər: “Hansı ərazidə ki, zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları yerindədir, həmin zolaqlarla hərəkət etmək qadağandır və sürücülər bu zolaqlarda tətbiq edilən qaydalara əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər".
K. Əliyev həmçinin bildirib ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
K. Əliyev həmçinin bildirib ki, Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır və yəqin ki, yaxın bir neçə gün ərzində qəbul olunacaq qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.