Artıq ölkəmizdə keçirilən birinci Avropa oyunları başa çatdı. Məhz bununla bağlı paytaxtda rayon qeydiyyat nişanlı avtomobillərin daxil olması qadağan edilmişdi. Ancaq bu qanun yalnız iyul ayının birinədək qüvvədə olacaq.
Bakıda keçirilən Avropa Oyunları zamanı paytaxt küçələrində demək olar ki, tıxaca rast gəlmədik. Bundan başqa oyunlar zamanı yollarda qəza, qayda pozan sürücülər demək olar ki, çox az idi.
Məhz buna səbəb də yollarda yol polsi əməkdaşlarının gücləndirilmiş iş rejimində fəaliyyəti idi. Bu məqsədlə sarı zolaqlı yollara xüsusi nəzarət artırıldı. Bölgələrdən Bakıya üz tutan avtomobillər paytaxtda buraxılmadı .
Rayon dövlət qeydiyyat nişanlı avtomobil sürücüləri məcbur olub ictimai nəqliyyatdan istifadəyə üstünlük verdi. Avtomaşınlarını paytaxtın girişlərindəki dayanacaqda saxlamaq şərtilə. Ancaq bu qayda yalnız Avropa Oyunları ərəfisində qüvvədə qaldı.
Bu müddətdə şəhərin küçə və prospektlərində tıxacın olmamasının səbəbini bölgələrdən bura üz tutan avtomobillərə məhdudiyyət qoyulmasında görən ekspertlər bu qanunun qüvvədə qalmasının tərəfdarıdır.
Ekspert Ərşad Allahverdiyev sözügedən qanunun qüvvədə qalmasının yalnız iki halda mümükün olacağını bildirir. Birinci halda paytaxtın girişlərində böyük və ucuz qiymətə dayanacaq tikilməlidir:
“İkinci halda bölgələrə işləyən ictimai nəqliyyat sisteminin özünü təkmilləşdirmək lazımdır. Hazırda bu sahəni düşünənlər azlıq təşkil edir. Məsələn, bu gün Bak-Sumqayıt istiqamətində hərəkət edəcəyi planlaşdırılan qatarlarla bağlı iş hələ ki, öz nəticəsini vermir. Çox gözəl ideyadır. Elə etmək lazımdır ki, qatarlar yüksək sürətlə, dəqiq qrafiknən, qısa intervallarla işləsin”.
Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov isə bildirdi ki, yollarda nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə rayonlardan gələn avtomaşınlar yalnız gələcək illərdə hərəkəti məhdudlaşdırıla bilər. Bu isə paytaxtda keçiriləcək beynəlxalq yarışlarla əlaqədar olacaq:
“Güman etmirəm ki, gələcəkdə belə bir hal baş versin. Düzdür Bakıda 2016 və 2017-cı illərdə tədbirlər keçiriləcək. Ola bisin ki, tədbirlər zamanı bu cür istisnalar olsun. Amma gümün etmirəm ki, il boyu bu proses təkrarlansın”.
Baş dövlət yol polis idaərəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, rayon dövlət qeydiyyat nişanlı avtomobillər iyul ayının birinədək paytaxta daxil ola bilməz. Amma ola bilsin ki, bundan sonra yeni qanun tətbiq edilsin:
“Avtomobillərlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunması üçün yalnız Nazirlər Kabinetini təhlükəsizlik komissiyasını mütləq şəkildə qərarı olmalıdır. Artıq bununla bağlı komissiya tərəfindən müəyyən məsələlər müzakirə olunur ki, gələcəkdə də nəqliyyatın hərəkət sıxlığının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülsün”.
Bir çox millət vəkiləri isə düşünür ki, tək rayon dövlət qeydiyyat nişanlı avtomaşınlar deyil həm də paytaxtda fərdi nəqliyyat vasitəsinə az üstünlük verilməlidir.
Bunun üçün maarfidləndirmə işləri aparılmalı insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə yönləndirilməlidir.