Azərbaycan klubları Avropa Liqasında ilk oyunlarını keçirib

Avropa Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

APA-nın məlumatına görə, 2015/16 mövsümündə rəsmi matça çıxan ilk Azərbaycan klubu “İnter” olub. Paytaxt təmsilçisi Albaniyada “Laçi” ilə üz-üzə gəlib. Bu matç yenilənmiş “İnter”in baş məşqçisi Zaur Svanadze üçün bu postda ilk avrokubok matçı idi. Oyunda meydan sahibləri hesabı açan tərəf olub. Aqim Meto 20-ci dəqiqədə təmsilçimizi məyus edib. İlk hissə bu hesabla başa çatsa da, ikinci yarı başlayan kimi "bankirlər" hesabı bərabərləşdiriblər. Gürcü legioner Nika Kvekveskiri status-kvonu bərpa edib. Oyunun gedişində başqa qol olmayıb və tərəflər hərəyə bir qol vuraraq bərabərliyə razı olublar. Qeyd edək ki, bu hesab təmsilçimiz üçün səfər qolu baxımından sərfəli nəticədir.

Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” yeni mövsümə Avropa Liqasının I təsnifat mərhələsindən başlayıb. Əyalət klubu bu mərhələnin ilk oyununu Gürcüstanın ən adlı-sanlı klubu “Dinamo”ya qarşı keçirib. Postsovet məkanında avrokubok qazanan ikinci klub kimi tarixə düşən Tiflis təmsilçisi ilə qarşılaşma “Qəbələ” üçün 2-ci qitə miqyaslı sınaq idi. İlk hissə gərgin mübarizə şəraitində keçsə də komandalar fərqlənə bilməyiblər. İkinci hissədə isə "Dinamo" azlıqda qalıb. Qvelesiani 51-ci dəqiqədə kobud oyuna görə meydandan qovulub.Buna baxmayaraq hesabı açan tərəf də meydan sahibləri olub. Ciqauri 65-ci dəqiqədə fərqlənib. 74-cü dəqiqədə Cavid Hüseynov möhtəşəm zərbə ilə matçdakı tarazlığı bərpa edib - 1:1. Ancaq ev sahibləri 84-cü dəqiqədə Papunaşvili ilə qələbə qolunu vura biliblər.

Bu gün “Neftçi” də növbəti avrokubok sınağına çıxıb. Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayan “ağ-qaralar” 2015/16 mövsümünün ölkəmizdə baş tutmuş ilk qarşılaşmasının iştirakçısı olub. Digər komandalar səfərdə oynadığından doğma azarkeşlər önünə birinci çıxan “Neftçi”nin rəqibi “Mladost” olub. Oyun maraqlı mübarizə şəraitində keçib. İlk qol isə qonaqlardan gəlib. 34-cü dəqiqədə Laqator fərqlənib. "Neftçi"nin cavabı isə özünü çox gözlətməyib. 36-cı dəqiqədə Kamal Qurbanovun ötürməsi birbaşa qapıya yönəlib - 1:1. Araz Abdullayevin 55-ci dəqiqədə vurduğu gözəl qol "ağ-qaralar"ı hesabda önə keçirsə də, qonaqlar 87-ci dəqiqədə bərabərliyə nail ola biliblər. Luka Mirkoviç fərqlənib. Matç bu hesabla bitib.


Avropa Liqası I təsnifat mərhələsi, ilk oyun

“Laçi” (Albaniya) - “İnter” (Azərbaycan) - 1:1
Qol: Aqim Meto, 20 - Kvekveskiri, 48

“Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” (Azərbaycan) - 2:1
Qollar: Ciqauri, 65, Papunaşvili, 84 - Cavid Hüseynov, 74

“Neftçi” (Azərbaycan) – “Mladost” (Monteneqro) - 2:2
Qol: Kamal Qurbanov, 36, Araz Abdullayev, 55 - Laqator, 34, Mirkoviç, 87
Şərhlər
İdman bölməsinin xəbərləri