Təhsil Nazirliyi: Medal üçün 316 şagirdin namizədliyi irəli sürülüb
- 07.07.2015, 18:54,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“2011-ci ildən bu vaxta kimi ümumi təhsili xüsusi nailiyyətlərlə bitirən məzunlardan 569 nəfər qızıl, 71 nəfər gümüş medalla təltif olunub.
Sevindirici cəhət ondan ibarətdir ki, medala layiq görülən məzunlar respublikanın bütün bölgələrini əhatə edir”.
Bunu APA-ya Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
Şöbə müdiri bildirib ki, cari ildə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş 316 nəfər şagirdin medalla təltifə namizədliyi irəli sürülüb: “Hazırda həmin şagirdlərin müvafiq sənədlərinin mövcud qaydalar əsasında ekspertizası aparılır”.
A. Əhmədovun sözlərinə görə, medalla təltif qaydaları hökumət səviyyəsində təsdiq olunub: “Məzun medalla təltif olunarkən bir sıra məqamlara diqqət yetirilməlidir. Heç şübhəsiz, o, tam orta təhsil səviyyəsində oxuyarkən bütün fənlər üzrə illik qiymətləri “əla” olmalıdır. Qaydalarda belə bir hal da nəzərdə tutulub ki, medala namizəd şagirdin ümumi orta təhsil haqqında şəhadətnaməsindəki qiymətlərin ən az 75 faizi “əla” olmalıdır. Medala namizəd göstərilmək üçün digər bir sıra vacib amillər də var. Hər şeydən əvvəl, medala namizəd məzun məktəbdə liderlik xüsusiyyəti ilə fərqlənməli, müəllim və şagird kollektivində böyük nüfuza malik olmalıdır. Həm oxuduğu məktəbdə, həm yaşadığı yerdə nümunəvi davranışı, mədəni səviyyəsi ilə hər kəsin hörmətini qazanmalıdır. Eyni zamanda, əsl mənada medala namizədliyini sübuta yetirmək üçün ölkə səviyyəsində keçirilən fənn olimpiadalarında, müsabiqələrdə və digər bu kimi bilik yarışlarında, habelə, imkan olduqca beynəlxalq miqyaslı bilik yarışlarında da iştirak edib fərqlənməyi bacarmalıdır. Bəzi valideynlər elə düşünür ki, övladının medal alması üçün orta məktəbdə yalnız “əla” qiymətlərlə oxuması kifayətdir. Halbuki, bir daha qeyd etmək istəyirəm ki, bu, yalnız məsələnin bir tərəfidir. Medala namizəd şagird “əla” qiymətlərlə oxumaqla bərabər, həm də yuxarıda sadalanan keyfiyyətlərə malik olmalıdır”.
Şöbə müdiri qeyd edib ki, 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda orta məktəb məzunlarının medalla təltifi təsbit edilib: “Bu prosesin aparılmasını hüquqi cəhətdən əsaslandıran reqlamentləşdirici sənəd - “Qayda” Azərbaycan hökuməti tərəfindən təsdiq olundu və 2011-ci ildən etibarən ümumi təhsili xüsusi nailiyyətlərlə bitirən məzunlar qızıl və gümüş medallarla təltif edilməyə başladı”.