Murad Arif "İnşallah" adlı mahnısına çəkdirdiyi klipinə təqdimat edib.
Söz və musiqisi Murad Arifə aid olan bəstənin ekran həlli gənc rejissor Calal Kəngərliyə həvalə olunub.
Yeni işindən razı qalan M.Arif təəssüratlarını bölüşüb:
"Yeni bir rejissora iş həvalə etmək riskdir. Çox xoşbəxtəm ki, işim uğurlu alındı. Çalışqan insanları sevirəm. Mənim üçün birlikdə işlədiyim insanları məşhurluğu yox, istedadı önəmlidir. çalışdığım insanların məşhurluğu mənim üçün önəmli deyil. Əsas insanın içindəki çalışqanlıqdır. Calalın işindən razı qaldım. İdeya, model seçimi - hamısı ona aiddir. Azərbaycanda ilk dəfə son model RED kamera ilə klip çəkdirən mən oldum".
Sənətçi "İnşallah" mahnısının Azisin ifasına bənzədilməsinə də etiraz edib: "Mahnı bolqar stilindədir. Azislə əlaqəsi yoxdur. Məqsədimiz bu idi. Azis doğulmamışdan da belə stildə mahnılar var idi".
M.Arif heç kimlə rəqabət aparmadığını bildirib: "Bu aləmdə məndən məşhur müğənnilər var. Ən az onlar qədər sevilmək istəyirəm. Hər bir insanın özünəməxsus enerjisi var. Faiq Ağayev, Zamiq Hüseynov, Xəyyam Nisanov və başqaları oxuyarkən mahnıya həmin enerjini qoyurlar. Birinin yerini başqası verə bilməz. Kənardan başqa ifaçılara rəqib görünsəm də, daxilən heç kimin rəqibi deyiləm. Mənim öz musiqi dünyam, öz daxilim var".
Müğənni ən yaxşı bəstələrinin özünün oxuyacağını da etiraf edib: "Digər müğənnilər məni bağışlasınlar, özüm oxuyuramsa, kiməsə mahnı yazmaq zərurətim yoxdur. Əlbəttə ki, ən yaxşı bəstələrimi özüm səsləndirəcəm".