"Qəbələ" "Dinamo"ya yerini göstərdi, "İnter" növbəti turda

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" Tbilisi "Dinamo"sunu qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən oyunun birinci hissəsi qolsuz başa çatıb.

71-ci dəqiqədə gürcülər azlıqda qalıblar - Laşa Totadze qırmızı vərəqə alıb. 88-ci dəqiqədə gözlədiyimiz qol gəlib - Asif Məmmədov fərqlənib. Son dəqiqədə isə Aleksey Antonov son nöqtəni qoyub - 2:0.

İlk oyun 2:1 hesabı ilə gürcülərin xeyrinə başa çatdığından bu hesab "Qəbələ"ni növbəti mərhələyə yüksəldib.

Digər təmsilçimiz "İnter" ilk oyunda səfərdə 1:1 hesabı ilə bərabərə qaldığı Albaniya təmsilçisi "Laçi" ilə Bakıda qarşılaşıb.

Oyunda hesab açılmayıb, lakin səfərdə vurduğu qol hesabına "İnter" növbəti mərhələyə vəsiqə qazanıb.

"Neftçi" isə səfərdə Monteneqro "Mladost"u ilə qarşılaşacaq. İlk oyun Bakıda 2:2 hesabı ilə yekunlaşıb.
Şərhlər
İdman bölməsinin xəbərləri