Prezident İlham Əliyev və xanımı "Milan Expo 2015" sərgisindəki Azərbaycan pavilyonunda "Milli gün" mərasimində iştirak ediblər

İyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub. APA-nın məlumatına görə, “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar.

Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq “Mirroring Baku” - Bakı ilə birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Həmçinin paytaxt Bakının sakinləri və qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. “Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.

Azərbaycan pavilyonunda əvvəlcə Bakı ilə videoəlaqə yaradılıb. Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəbbət Mehdiyeva prezident İlham Əliyevi salamlayıb.

Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. “Milan Expo 2015” başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verilib.

Pavilyonda qurulmuş üç biosfer ətraf mühitini və qədim mədəniyyətini daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirir. Pavilyonun dalğavarı taxta divarları Azərbaycana xas olan küləyin, həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir. “Milan Expo 2015” üçün yaradılmış “Azərbaycan. Biomüxtəliflik xəzinəsi” pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan bu diyarın bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir. “Mədəniyyətlərin kəsişməsi” biosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi və mədəni məkanlarına səyahətə aparır. İkinci biosfer – “Biomüxtəliflik” ölkənin təbii biomüxtəlifliyinə və mədəni irsinə həsr olunub. Bu biosferin mərkəzindəki konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. Növbəti biosfer “İnnovasiya və ənənə” adlanır. Burada kökləri səmaya istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan xalqının ənənəyə sadiqliyini, eyni zamanda, gələcəyə yönələn innovativ ölkə olduğunu göstərir.

Pavilyonun birinci mərtəbəsi “Səslər simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur. İkinci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, landşaft və bioloji müxtəliflik məlumatları çatdırılır. “Dadlar simfoniyası” adlanan üçüncü mərtəbədə milli mətbəx və orqanik qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. Bu mərtəbədə, həmçinin “Bakını kəşf et” və “Azərbaycan simaları” bölmələrində fotolar, xəritələr, müxtəlif sahələri təmsil edən azərbaycanlıların portretləri vasitəsilə ölkəmiz və insanlarımızla interaktiv tanış olmaq mümkündür. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda əksini tapıb. Bundan əlavə, pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Pavilyonun dördüncü mərtəbəsində - terrasda restoran fəaliyyət göstərir. Burada milli mətbəx və müxtəlif konsert proqramları təqdim olunur.

Milli pavilyonun həyətində yaradılan IDEA - Biomüxtəliflik parkında IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə dair məlumatlar, müxtəlif ekoloji layihələr təqdim olunur və əyləncəli proqramlar təşkil edilir.

“Milan Expo 2015” Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu qeyd ediblər. Ölkəmizin bu uğurları səbəbindən Ermənistan “Milan Expo 2015”də iştirakdan imtina edib.

Daha sonra prezident İlham Əliyev “Milan Expo 2015” beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak edib. İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib və dövlət bayraqları qaldırılıb.

“Milan Expo 2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino çıxış edib.

Sonra Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Çıxışlardan sonra dövlət başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış olublar.


“Milan Expo 2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edir. Sərgi oktyabrın 31-dək davam edəcək.

“Expo” ümumdünya sərgisi, həmçinin izləyici sayına, miqyasına görə məşhurdur. Bu il Milanda təşkil olunan sərgi hələ fəaliyyətə başlayana qədər - mayın 1-dək 11 milyondan çox bilet satılıb. Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.

Prezident İlham Əliyev İtaliya milli pavilyonunun xatirə kitabına ürək sözlərini yazıb.

Ümumdünya “Expo” sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri