“Neftçi” Avropa Liqasında mərhələni keçə bilməyib
- 10.07.2015, 09:41,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Neftçi” Avropa Liqasında növbəti oyununu keçirib. APA-nın məlumatına görə, paytaxt təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda “Mladost”la qarşılaşıb.
Bakıda keçirilmiş ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından Samir Əliyevin yetirmələri səfərdə qalib gəlməyə borclu idilər.
"Neftçi" oyuna fəal başlasa da ilk hissədə hesabı açmaq mümkün olmadı. İkinci hissədə hücumların kəsərini və intensivliyini bir az da artıran "ağ-qaralar" nəhayət 72-ci dəqiqədə istəklərinə çatdılar.
Komandanın lideri və kapitanı Araz Abdullayev sağ cinahdan fərdi reydini dəqiq zərbə ilə tamamlayaraq hesabı açdı.
Təmsilçimiz qoldan sonra irəli atılan rəqibini bir neçə əks-hücum epizodunda tutsa da, hesabı daha da artırmaq mümkün olmadı. Bir dəfə topun qapıdan keçməsinə dirək mane oldusa da, bir neçə epizodda da oyunçuların qeyri-dəqiqliyi sevincimizə əngəl oldu.
Rəqib isə oyunun sonu yaxınlaşdıqca təzyiqi artırdı və matça əlavə olunmuş 6 dəqiqənin 1-ci dəqiqəsində hesabı bərabərləşdirə bildi.
Bu isə oyunda vurulan son qol oldu.
Qeyd edək ki, hər iki qarşılaşmada da bərabərlik qeydə alınmasına baxmayaraq (2:2, 1:1) səfərdə vurulmuş qolun hesabına mərhələni keçən tərəf Monteneqro təmsilçisi oldu.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
“Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan) - 1:1
Qol: Vukoviç, 90+1 - Araz Abdullayev, 72
Hakimlər: Kevin Klensi, Alastair Mazer, Stüart Yan Makmillan, Brayan Kolvin (hamısı Şotlandiya)
Podqoritsa. Şəhər stadionu
İlk oyun – 2:2