İngrid: “Sizin insanların istiqanlılığını çox sevirəm, onlar üçün mahnı ifa etmək mənə sonsuz enerji verir”

Məşhur italiyalı müğənni İngrid Bakıdadır. O, səfəri ilə bağlı APA-ya müsahibə verib.

- Bu, Bakıya ilk səfəriniz deyil, təəssüratlarınız necədir?

- Mən son vaxtlar Bakıya tez-tez səfər edirəm. Yerli ifaçılardan biri ilə duet yazdırıram. Sizin şəhəri, onun arxitekturasını, mətbəxinizi çox sevirəm. Bura hər səfərim məni çox sevindirir.

- Budəfəki səfərinizin məqsədi nədir?

- Bu gün Bakı 2015 Avropa Oyunları könüllülərinə, idmançılarınıza həsr olunmuş xüsusi parad və konsert olacaq. Parad 20:00-da başlayacaq, 21:00-da isə Dənizkənarı Milli parkda xüsusi konsert proqramı baş tutacaq. 15 000 könüllü bu oyunlar zamanı aktiv şəkildə hər istiqamətdə təmannasız fəaliyyət göstərdi. Milli yığmanızın idmançıları 56 medalla 50 ölkə arasında ikinci yeri tutdu. Düşünürəm ki, bu cür tədbirin təşkil olunması çox gözəl haldır. Mənim səfərimin məqsədi də bu konsertdə iştirak etməkdir.

- Konsertdə çıxışınızın proqramı haqqında bilmək istərdik...

- Ümumiyyətlə, mən tamaşaçılardan enerji alan insanam. Onların əhval-ruhiyyəsinə baxacam və ona uyğun mahnılar ifa edəcəm. Çıxışımın müddəti 45 dəqiqədir. Amma tamaşaçılar daha da çox ifa etməyimi istəsələr, bunu böyük məmnuniyyətlə edəcəm. Mən sizin insanların istiqanlılığını çox sevirəm və onlar üçün mahnılarımı ifa etmək mənə sonsuz enerji verir. Hər kəsi axşam saat 21:00 da Dənizkənarı Milli parkda, Saat qülləsinin yanında baş tutacaq konsertdə gözləyirəm. Gəlin, çox maraqlı olacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri