Azərbaycan prezidenti: “Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər”

“Sahibkarlar məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, hansısa sahibkar sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.


Prezident deyib ki, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər: “ Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıb. Kapital qoyuluşu azalıb”.


Prezident xatırladıb ki, son bir neçə ildə ilk dəfədir, xarici sərmayə daxili sərmayəni üstələyib: “Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir”.


Dövlət başçısı Vergilər Nazirliyinin fəaliyyətinə də toxunub: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

Prezident qeyd edib ki, ölkə sahibkarlıq hesabına inkişaf edəcək: “ Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”
Şərhlər
Siyasət bölməsinin xəbərləri