“Sınıq körpü” gömrük postunda sıxlıq yaranıb
- 17.07.2015, 12:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bayram və istirahət günləri ilə əlaqədar olaraq Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunmaqdadır.
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Komitədən bildirilib ki, Azərbaycan-Gürcüstan sərhədində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, nəqliyyat vasitələri üçün nəzərdə tutulan 2 keçid xətti əvəzinə 4 keçid xətti fəaliyyət göstərir və yaxın saatlar ərzində mövcud sıxlıq aradan qaldırılacaq.
Xatırladaq ki, bu günlərdə DGK-nın sədri Aydın Əliyevin Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimir Xundadze ilə görüşündə də bu kimi halların qarşısının alınması üçün iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsinin, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılmasının zəruriliyi vurğulanıb, gömrük-sərhəd keçid məntəqələrində mütəmadi olaraq ikitərəfli görüşlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.