Azərbaycanda 11-17 yaşda övladlığa götürülən qız uşaqlarının sayı artıb

Azərbaycanda övladlığa götürülən uşaqların sayı son iki ildə azalıb. Lakin son iki ildə 11-17 yaşında övladlığa götürülən qız uşaqlarının sayı artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə Azərbaycanda 989, 2013-cü ildə 961, 2014-cü ildə isə 918 uşaq övladlığa götürülüb.

Ötən il övladlığa verilən uşaqların çoxu - 360 nəfəri 1-5 yaşlı uşaqlardır. Həmin uşaqların 163-ü qızdır.

Ümumilikdə ötən il Azərbaycanda övladlığa götürülən uşaqların 205 nəfəri 1 yaşadək (onların 104-ü qızdır), 203 nəfəri 6-10 yaşlı (onların 72-si qızdır), 150 nəfəri 11-17 yaşlı (onların 69-u qızdır) uşaqlardır.

Ötən il 69 uşağın övladlığa götürülməsi ilə bağlı qərar ləğv edilib. Bu uşaqların 49-u 11-17 yaşlı olub.

Son iki ildə övladlığa götürülən uşaqların ümumi sayında azalma müşahidə edilsə də, yaş qruplarına görə 11-17 yaşlı uşaqların övladlığa götürülməsi halları artıb. Azərbaycanda 2012-ci ildə 11-17 yaşlı 130, 2013-cü ildə 145, 2014-cü ildə isə 150 uşaq övladlığa verilib.

Digər yaş qrupları üzrə övladlığa götürülən qızların sayında 2012-2014-cü il ərzində azalmanın müşahidə edilməsinə baxmayaraq, 11-17 yaşlı yaş qrupu üzrə övladlığa götürülən qız uşaqlarının sayı artıb. 2012-ci ildə 45, 2013-cü ildə 51, 2014-cü ildə isə 69 qız uşağı övladlığa götürülüb.
Şərhlər
Sosial bölməsinin xəbərləri