Şəkidə qəzalı vəziyyətdə olan elektrik dirəyindən yıxılan elektrik mühəndisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. "Kanal S"in məlumatına görə, hadisə Şəki şəhəri, 18-ci rayon, Könül Qəhrəmanova küçəsində baş verib. Belə ki, Şəki sakini, 1984-cü il təvəllüdlü Əsgərov Arif Yunus oğlu Azərbaycan Milli Elmlər Akademiyasının bağında qəzalı vəziyyətdə olan elektrik dirəyinə əlavə dirək quraşdırarkən bəxbəxt hadisə ilə üzləşib. O, 6 metr hündürlüyündə olan elektrik dirəyinin qırılması nəticəsində yerə yıxılıb.
Yaralının köməyinə ilk olaraq qonşular gəlib və xəstəyə öz köməklilərini göstəriblər, daha sonra təcili tibbi yardım stansiyasına məlumat verilib. Yaralı dərhal təcili tibbi yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Əsgərov Arif Yunus oğluna bədənin ümumi travması, qapalı kəllə-beyin travması və sağ sait sümüyünün sınığı diaqnozu qoyulub.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, Arif Əsgərov Şəki Şəhər Elektrik Şəbəkəsinin əməkdaşıdır və bir ilə yaxındır ki, bu idarədə elektrik mühəndisi kimi fəaliyyət göstərirdi.