“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) özünün aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunun tətbiqinə başlayır.
AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tədbirlər prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb.
İyulun 16-da “Azərbaycan Hava Yolları” QSC-nin İdarə heyətinin Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasında İdarə Heyətinin sədri Cahangir Əsgərov hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının araşdırılmasını, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.
İyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib.
Xüsusilə, "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:
- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;
- Bakı-Moskva-Bakı – bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;
- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.
Yeni reyslərin başlama tarixinin müxtəlif olması xidmət göstərilməsi üçün hava limanları ilə müqavilələrin imzalanması, xarici hava limanlarında icazələrin alınması kimi prosedur məsələlərlə əlaqədardır.
Sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq.
Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
Bundan əlavə, “Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq.
Beləliklə, bu ilin avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.