Əflatun Amaşov: “Dövlət internet mediaya da yardım edə bilər”

“Dövlət yazılı mətbuata yardım etdiyi kimi, internet mediaya da yardım edə bilər”.

APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Şura sədri bildirib ki, dünən Azərbaycan prezidenti İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirilən görüşündə bu məsələyə toxunulub: “Çünki internet media bizim bu günümüz üçün çox önəmlidir. I Avropa Oyunlarında bu amil bir daha özünü göstərdi. Sirr deyil ki, onlayn jurnalistika ölkədə ictimai fikrə təsir göstərən, ictimai fikri formalaşdıran ən mühüm mətbuat vasitələrindən biridir. Məhz internet üzərindən yayımlanan media vasitəsilə Azərbaycan özünün imicini xarici ölkələrdə daha asan, daha uğurlu formalaşdıra bilər”.

Ə. Amaşov qeyd edib ki, dünənki görüşdə reklam bazarı ilə bağlı da fikir mübadiləsi aparılıb: “Azərbaycan mediasının reklamı zəifdir. Çox güman ki, yaxın vaxtlarda bu sahədə də müəyyən irəliləyişlər olacaq. Dünənki görüşdə bir nüansa da toxunuldu ki, bu, bizim üçün çox önəmlidir. Biz illərdir düşünürdük ki, Qərbin bütün təcrübəsi bizim üçün önəmlidir. Ancaq biz Qərb təcrübəsini təhlil edərkən görürük ki, istənilən problemə Qərb mediasında miqyasından asılı olmayaraq, vahid platformadan yanaşılır və Qərbin maraqları gözlənilir. Əlbəttə bu, Qərb üçün uğurludur. Belə bir məqamda biz də istərdik ki, Azərbaycan mediası məhz ölkənin milli maraqları baxımından vahid platformadan çıxış etsin və bunu daha da gücləndirsin”.
Şərhlər
Sosial bölməsinin xəbərləri