“Qarabağ”ın braziliyalı futbolçusu yeni rekorda imza atıb

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Azərbaycan futbolu tarixində yeni rekord müəyyənləşdirib. APA-nın məlumatına görə, cənubi amerikalı klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

“Sambaçı” Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la Monteenqrodakı görüşünün taleyini həll edən qola imza atıb. Bu, onun təmsilçimizin heyətində vurduğu 8-ci avrokubok qoludu.

Reynaldo qitə miqyaslı turnirlərdə heç bir futbolçumuzun nail olmadığı məhsuldarlığı göstərib. Belə ki, o, 8-ə çatan ilk oyunçumuzdu.

Bunadək hesabında 7 qol olan braziliyalı Azərbaycan rekorduna şərik idi. O, “Qəbələ”nin yarımmüdafiəçisi Rəad Sadiqovla eyni sayda – 7 dəfə fərqlənmişdi.

Qeyd edək ki, Belçikanın “Serkl Brügge” klubunun heyətində də Avropa Liqasında 1 qol vuran 9 nömrə ümumilikdə avrokuboklarda 9 dəfə fərqlənib. Çempionlar Liqasında 7 matçda 3 qol sevinci yaşayan braziliyalı Avropa Liqasında 17 oyunda 6 dəfə rəqib qapılarına yol tapıb.
Şərhlər
İdman bölməsinin xəbərləri