Riçard Hoqland: “Azərbaycan “İpək Yolu”nun inkişafında vacib rola malikdir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqlandı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

R. Hoqland ölkəsinin “İpək Yolu”nun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

E. Məmmədyarov isə qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementi olaraq Azərbaycan tərəfindən nəqliyyat infrastrukturu imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir Bakı-Tiflis-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd edərək, Azərbaycanın tarixi “İpək Yolu”nun dəmir-yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.

Görüşdə həmçinin Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri