“EurActiv”: Dağlıq Qarabağda “status-kvo”nu saxlamaq daha da çətinləşib
- 24.07.2015, 23:51,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dağlıq Qarabağ münaqişəsi üçün yay təhlükəli bir dönəmdir. 27 ildir davam edən münaqişədə gərginliyin artmaması üçün Ermənistan və Azərbaycan soyuqqanlı olmalıdırlar”.
APA-nın Avropanın tanınmış “EurActiv”portalına istinadən verdiyi xəbərə görə, bu barədə “Caspian Review” nəşrinin redaktoru Tim Stottun məqaləsində deyilir.
Məqalədə qeyd olunub ki, 27 ildir davam edən Dağlıq Qarabağ münaqişəsində yeni hüquqi məqam ortaya çıxıb. Söhbət yayın əvvəlində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 1992-ci ildə erməni hərbi qüvvələrinin təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş 7 nəfər azərbaycanlının işi üzrə çıxardığı qərardır. AİHM-in qərarına görə, həmin şəxslərin hüquqları pozulub.
“Ermənistan işğalçı qüvvə kimi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarət etməkdədir. Bu isə Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən Ermənistana zərbədir. Halbuki Dağlıq Qarabağı heç kim müstəqil dövlət kimi tanımayıb. Bu həm də onu göstərir ki, Ermənistan hökuməti bu əraziləri işğal altında saxladığına görə məsuliyyətə cəlb olunmalıdır. “Status-kvo”nu saxlamaq daha da çətinləşib”, - deyə məqalədə vurğulanıb.
Müəllif həmçinin qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərar verməsinə baxmayaraq, münaqişənin həlli hələ uzaqdadır. Çünki ATƏT-in Minsk qrupu indiyədək heç bir nəticə əldə etməyib və Ermənistanın Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin heç birinin yerinə yetirilməsinə nail ola bilmir.
“AİHM-nin qərarında həmçinin göstərilir ki, leqal prosesin başlandığı tarixdən bəri həmin insanlar (biri 2005-ci ildə dünyasını dəyişib) öz evlərinə qayıda bilmir. Təəssüflər olsun ki, bu, qoşunların təmas xəttindəki duruma az təsir göstərəcək. Tərəflərin nümayiş etdirdiyi təmkinlik sayəsində bu yay ötən illə müqayisədə nisbətən sakit keçsə də, tərəflərin soyuqqanlı olması çox vacibdir”.
“Euractiv” portalında həmçinin Bakı-Supsa neft kəməri ilə bağlı yazı dərc olunub. Məqalədə Rusiyanın qonşularının boru kəmərlərinə göz dikdiyi önə çəkilir. Avropanı oyanmağa çağıran müəllif qeyd edir ki, Rusiya yönümlü Cənubi Osetiya anklavı Gürcüstan ərazisini zəbt etməkdə davam edir.
Yazıda bildirilir ki, Rusiyanın Bakı-Supsa boru kəmərinə nəzarət etməsinin mühüm iqtisadi və siyasi aspektləri var: “Rusiyanın Bakı-Supsa boru kəmərini ələ keçirməkdə məqsədləri var. Onlardan biri Rusiyadan üz döndərmiş Gürcüstanın iqtisadiyyatına zərbə vurmaqdır. Bakı-Supsa boru kəmərinin hətta ən kiçik hissəsi Rusiya və Cənubi Osetiyanın nəzarətinə keçsə, bu zaman neft oğurlana bilər. Bununla təkcə Gürcüstan gəlirlərdən məhrum olmayacaq, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya da separatçı dövlət quruculuğunu davam etdirmək üçün gəlir əldə edəcək. Bu isə o deməkdir ki, Rusiya Cənubi Osetiyaya yardımını azalda biləcək.
Doğrudur, Gürcüstan borudan neft itkisinin qarşısını ala bilər. Lakin bunun üçün nefti Supsaya qiyməti nisbətən daha baha başa gələn vasitələrlə - yük maşını və ya dəmir yolu vasitəsilə çatdırmaq lazım gələcək”.
Məqalədə qeyd olunur ki, boru kəmərini zəbt etməklə, Rusiyanın siyasi məqsədi Gürcüstanı qorxudaraq Aİ və NATO-ya üzv olmaq əzmini zəiflətmək və ümumiyyətlə bu niyyətindən daşındırmaqdır.
“Rusiya sərhədləri kənarında neft və qaz boru kəmərləri inşa edən Azərbaycan və Gürcüstan kimi keçmiş SSRİ respublikaları Kremlin himayəsindən çıxdığına görə, Moskva həmin ərazilərdən keçən boru kəmərlərinə nəzarət edə bilmir. Bu isə həmin ölkələrə Rusiya diktəsindən kənar xarici siyasət yürütməyə imkan verir.
Rusiya uzun müddət öz zəngin neft və qaz ehtiyatlarından, regionun ən mühüm boru kəmərlərinin öz ərazisindən keçməsi amilindən keçmiş SSRİ respublikalarını öz iradəsinə tabe etdirmək üçün istifadə edib. Moskva həmçinin boru kəmərləri vasitəsilə Ukrayna və Qərbi Avropaya qarşı təhdid vasitəsi kimi istifadə edir. Rusiyanın təhdidlərinə məhəl qoymayaraq Gürcüstanın Avropa İttifaqı və Qərbin hərbi alyansına qoşulmaq planlarından vaz keçməməsi Moskvanı qıcıqlandırır. Bakı-Supsa boru kəmərinin bir hissəsinin zəbt edilməsi Moskvanın Tiflisə siyasi təzyiq vasitəsidir.
Bu həmçinin Rusiyanın siyasi hakimiyyəti zəiflətmək məqsədilə boru kəmərləri inşa edən digər qonşulara ünvanlanmış “Moskvanın öz mübarizə strategiyası var” mesajıdır. Son illər Rusiya qonşularını özünün iradəsinə tabe etdirmək üçün bir çox üsullardan istifadə edib. Boru kəmərinin zəbt edilməsi sovet imperiyasının dağılmasından onilliklərin keçməsinə baxmayaraq, qonşularına öz vassalı kimi baxan Rusiya üçün yeni bir silahdır. Moskva Avropanın enerji tədarüklərinin şaxələndirilməsi üçün yeni regional təşəbbüsləri dəstəkləməsini özünə təhlükə kimi görür və buna bu cür reaksiya verməsi anlaşılan olur”.