Azərbaycanda bəzi çayların məcraları quruyub
- 25.07.2015, 14:07,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda uzun müddət yağıntıların olmaması səbəbindən bəzi çayların məcraları quruyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu çaylar əsasən, Böyük Qafqazın cənub yamacında –Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu rayonlarından axan çaylardır.
A.Verdiyev bildirib ki, uzun müddət yağıntıların olmaması bəzi çayların məcralarında torpağın qurumasına səbəb olub. İyulun son gülərində belə quraqlıqdan sonra yağan leysan yağışların nəticəsində Böyük Qafqazın bəzi çaylarından sel keçib: “Çayların məcraları çox böyük olur. Buna görə də yağıntı yağmadıqda burada quruma prosesi gedir. Ona görə leysan yağışlar çaylarda sel hadisəsinin baş verməsinə səbəb olub”.
A.Verdiyev deyib ki, bugün ölkə ərazisində əsasən, yağmursuz hava şəraiti gözlənilir. Lakin sonrakı iki gün ərzində əsasən Böyük və Kiçik Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bununla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi çaylarda sululuğun artacağı ehtımalı var.
Baş hidroloqun sözlərinə görə, bu il iyulun ayrı-ayrı günlərində, xüsusilə də iyulun II ongünlüyünün sonu və III ongünlüyünün əvvəllərində bir qədər qeyri-sabit hava şəraiti müşahidə edilib. Son dəfə 2004-cü ildə bu ilki iyulda müşahidə edilən hava şəraitinə oxşar hava şəraiti olub. Həmin il hətta bu ildəkindən də aşağı temperatur, az miqdarda yağıntı qeydə alınıb.