Robert Prosineçki: “Almaniya ilə oyunları səbirsizliklə gözləyəcəm”
- 27.07.2015, 14:02,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə oyunu səbirsizliklə gözləyəcəm”. APA Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-nin seçmə mərhələsində millimiz Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino yığmaları ilə qarşılaşacaq.
Əvvəlki açıqlamasında Xorvatiya və Malta ilə oyunların hazırkı məqamda onun üçün daha önəmli olduğunu deyən Prosineçki bu dəfə növbəti seçmə mərhələ haqda fikirlərini bölüşüb.
Sağlamlığı ilə bağlı problem yaşadığı üçün Sankt-Peterburqdakı püşkatma mərasiminə qatılmayan Prosineçki çətin qrupa düşdüyümüzü etiraf edib: “Düzdü, püşkatma mərasimində iştirak edə bilmədim. Ancaq bu heç bir önəm kəsb etmir. Bizim bəxtimizə çətin qrup düşdü. Bunu qrupumuza nəzər salmaqla, anlamaq olar”.
Prosineçki Şimali İrlandiya və San Marino komandaları haqda danışmasa da, digər 3 rəqibimiz barədə fikirlərini səsləndirib: “Norveç bizə tanış rəqibdi. Bu yaxınlarda onlarla qarşılaşmışıq. Çexiya yığması haqda ətraflı danışmağa ehtiyac yoxdu. Onsuz da, hamı onların necə komanda olduğunu yaxşı bilir. Çexiya həmişə yaxşı oyun göstərib, indi də elədi. Ancaq bayaq dediyim kimi, mənim üçün ən çox maraq doğuran Almaniya ilə görüş olacaq. Onlar sonuncu dünya çempionudular və bu cür komandanın müdafiəçilərinə qarşı oynamaq çox maraqlı olacaq”.
Qısaca olaraq, Xorvatiyanın da dünya çempionatının seçmə mərhələsində yer aldığı qrupa (Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya) da toxunan təcrübəli çalışdırıcı həmvətənlərini favorit saydığını bildirib: “Mənə görə, Xorvatiya qrupdakı bütün komandalardan güclüdü, yəni favoritdi. Təbii ki, asan olmayacaq. Ancaq mən qrupdakı rəqibləri münasib sayıram”.
Qeyd edək ki, millimiz DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində Almaniya ilə ev oyununu 2017-ci il, martın 26-da, səfər görüşünü isə həmin il, oktyabrın 8-də keçirəcək.