“Seltik”in baş məşqçisi: “Qarabağ”la oyun bizim üçün bir sınaq olacaq”

“Qarabağ”la matçın təhlilinə bu gün başlayacağıq. Bu bizim üçün çox böyük bir problem olacaq. Onların ötən mövsümdəki nəticələri də bunu göstərir”. APA-nın məlumatına görə, bunu Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq komandanın çalışdırıcısı bu gündən Ağdam təmsilçisi ilə görüşün planlarını cızmağa başlayacaq.

Deyla etiraf edib ki, Azərbaycan çempionu ilə oyun heç də asan olmayacaq: “Rəqibimiz çox texnikalı komandadı. Onların heyətində braziliyalı və ispaniyalı futbolçular da var. “Qarabağ” hücum etməyi sevən komandadı. Cinah müdafiəçiləri sürətli olduğundan oyunu yüksək tempdə keçirirlər. Belə bir komanda ilə oyun bizim üçün də bir sınaq olacaq. Əsas məsələ səfərlə bağlı problem yaşamamaqdı. Çünki saat fərqi komandamıza təsir edə bilər. Lakin bu tək bizə deyil, rəqibə da şamil olunur. Çünki ilk qarşılaşmada “Qarabağ” da bu çətinliyin öhdəsindən gəlməyə çalışacaq. Hədəfimiz Çempionlar Liqasının qrupuna düşmək və Şotlandiyada bütün titulları qazanmaqdı”.

Qeyd edək ki, “Seltik” və “Qarabağ” komandaları arasındakı ilk oyun iyulun 29-na təsadüf edəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri