İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu başa çatıb

İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 2015-2016-cı tədris ili üzrə tələbə qəbulu başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, filialda ilk tədris ilində təhsil alacaq 100 tələbə artıq müəyyənləşdirilib. Tələbələrin 54-ü Bakı şəhərində, 14-ü Gəncədə, qalan 32-si respublikanın digər regionlarında orta təhsil alıb. Onlardan 89 nəfəri orta məktəbi rus dilində, 11 nəfəri Azərbaycan dilində başa vurub. Filialda tədris rus dilində aparılacaq.

Filialın Elmlər Akademiyası şəhərciyində yerləşən binası tibb təhsili üçün müəyyənləşdirilmiş standartlara uyğun müasir avadanlıqlarla təchiz olunur.

Burada ixtisas fənləri üzrə dərsləri Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti aparacaq. Humanitar və xarici dil fənləri üzrə dərsləri isə Azərbaycanın ali təhsil müəssisələrindən müsabiqə yolu ilə seçilmiş müəllimlər tədris edəcək.

Qeyd edək ki, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən filiala aparılan qəbul imtahanlarına TQDK-nın IV qrup üçün keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər buraxılıb. Həmin abituriyentlər internet üzərindən onlayn olaraq Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyaya rus dili və kimya fənlərindən imtahan veriblər.

Filialda tədris Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında keçiriləcək və məzunlara həmin ali təhsil ocağının diplomu təqdim olunacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri