Ərdoğan: “Milli birliyə xələl gətirənlərlə çözüm prosesini davam etdirmək mümkün deyil”
- 28.07.2015, 22:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd məsələsinin çözüm prosesinin ölkənin suverenliyinə təhlükə törədənlərlə davam etdirilməsinin mümkün olmadığını bəyan edib.
APA-nın xəbərinə görə, Çinə səfərə gədən Ərdoğan Ankarada Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, prosesi ölkənin milli birliyini pozmaq istəyənlərlə davam etdirmək mümkün deyil: “Proses başlayanda mən baş nazir və partiya sədri idim. Təəssüf ki, bundan sui-istifadə halları oldu. Milli birliyimizə xələl gətirənlərlə prosesi davam etdirmək mümkün deyil. Vacib olan milli birlikdir. Çözüm prosesi odur ki, ölkənin hər bir vətəndaşına verilmiş hüququ təmin olunacaq. Burada geri addım atmaq olmaz”.
Ərdoğan deyib ki, Türkiyə Cümhuriyyəti terrorçuları dəstəkləyən hər təbəqədən hesab soruşmaq iqtidarındadır: “Türkiyə adı və məqsədinin nə olmasından asılı olmayaraq, paralel dövlət təşkilatlanması ilə mübarizə aparmağa qadirdir. İraqın şimalında apardığımız mübarizə millətin təhlükəsizliyinə təhdid edənlərə qarşıdır. Türkiyə terror təşkilatları arasında heç bir ayrı-seçkilik etmir”.
Ərdoğan Suriya ilə sərhəddə “bufer zonası” yaradılacağını açıqlayıb: “ABŞ prezidenti Barak Obama ilə telefonda bu məsələni hərtərəfli müzakirə etdik. Həmin ərazi İŞİD-dən təmizlənəcək və 1,7 milyona yaxın suriyalı qaçqın oraya yerləşdiriləcək”.
Türkiyə prezidenti ölkənin NATO-nun üzvü olduğunu xatırladaraq, NATO-nun digər üzvlərinin Türkiyəni dəstəklədiyini bəyan etdiyini deyib.